Mənim fikrimcə (3)

Əziz bacılar və qardaşlar!

İlk görüşümüz Yeni il öncəsi olmuşdu və o vaxt bizim saytımız hələ sınaq rejimində fəaliyyət göstərirdi. Mənim fikrimcə, bu müddət ərzində elə hadisələr baş verib ki, onlardan qısaca da olsa, danışmalıyam.

Mənim fikrimcə, ən əlamətdar hadisələrdən biri, İsa Qəmbərin Lənkərana səyahətidir. Bilmirəm, bu, İsa Qəmbər tərəfindən özünü piar idi, yoxsa bəzi insanların ona şan-şöhrət gətirmək istəyi. Bir tərəfdən baxanda, bəli, cənub zonasında keçmiş cəbhəçilərə dərin “məhəbbət” var. Bəylərin bir illik hakimiyyətləri dövründə nə hoqqalardan çıxdıqları hələ yaddaşlardan silinməyib. Bir ailəni qırdılar, insanları döydülər, bütün az-çox varlı insanları qarət etdilər... Odur ki, bu “məhəbbət” təbiidir. Birinci səfəri zamanı İsa Qəmbər çoxlu xal qazandı və onun küçədən götürdüyü daşı jurnalistlərə göstərib, bu daş kimin başına dəysəydi, o, ölərdi, deməsi isasevərlərin hamısını sarsıtdı. Lakin onun ikinci səfəri və yarı yoldan qayıtması bir kəlamı yadıma saldı: bir dəfə faciə kimi olan hadisə, ikinci dəfə məzhəkəyə çevrilir. Çox qəribədir, 1993-cü ildə İsa Qəmbərin əlaltıları mənə və Zərdüşt Əlizadəyə hücum edəndə (18 nəfər iki nəfərə qarşı) və Zərdüştün başına “Kalaşnikov” avtomatının içi güllə ilə dolu darağını atan günün səhərisi, o zamankı Ali Sovetin sədri İsa Qımbər nədənsə, mətbuat konfransı çağırıb demədi ki, bu avtomat darağı kimin başına dəysə, onu öldürə bilər. Və xüsusən də çox maraqlıdır, maşının içində otura-otura, o daş İsa Qəmbərin başına necə dəyə bilərdi? Absurd!

Mənim fikrimcə, yada salınmalı olan ikinci hadisə, Elşad Abdullayevin videoçəkilişləridir. Məsələn, mən, Elşad Abdullayevə xalq artisti adının verilməsini təklif edərdim – həm çəkdiyi lentlərə, həm də mahir illüzionist olduğuna görə. Çünki yalnız illüzionist bu qədər insanı maymaq edib, hər şeyi lentə ala bilərdi. Və ancaq illüzionist elə edə bilərdi ki, özü  rüşvətxor, fırıldaqçı ola-ola, rüşvətxor və fırıldaqçıları ifşa etsin, bununla belə, çoxu ona “molodes” desin.

Fikrimcə, Əkrəm Əylislinin “daş yuxular”ını narahat etməmək, mənim tərəfimdən ədalətsizlik olardı. Əvvəla, Əkrəm Əylisli yəqin ki, artıq özünü Əylisli yox, Aquliski sayır, çünki o, dəridən-qabıqdan çıxaraq sübut edir ki, doğulub-böyüdüyü kəndin adı Əylis yox, Aqulisdir. Onu da deyim ki, bədii cəhətdən çox zəif bir yazıdır. Bu onu göstərir ki, ilham quşu müəllifin başından çoxdan uçub və onun yerini yel tutub. Misal üçün, ağlı başında olan hansı insan bir kənddə on bir kilsə və bir məbəd olduğunu bildirər, özü də XVII əsrdə. Ona görə demirəm ki, onları tikmək mümkün deyildi, ona görə deyirəm ki, bunun mənası yox idi. Xristian dininin ənənələrinə əsasən, xristian əhali qazandığının on faizini kilsəyə verməli idi. Belə çıxır ki, Aqulisin əhalisi qazancının üstünə hələ bir-iki pay da qoyub, kilsəyə verməli idi. Ən əsası isə, bir kəndin əhalisi o qədər kilsəni neynəyirdi, axı insanlar kilsədən təyinatı üzrə istifadə etməyəndə, həmin tikili, sadəcə, anbara çevrilir. Əkrəm Əylisli Zəkəriyyə adının yalnız erməniyə məxsus olduğunu yazır. İlham quşu day uçub gedib, neynək, Allahın işidir, bəs biliyə nə gəlib. Məgər Zəkəriyyə adı yalnız ermənidə var? Bu ada ilk dəfə Tövratda rast gəlinir və bu sözün ivritdə mənası Tanrıyla olan deməkdir. Qurani Kərimdə müsəlmanların peyğəmbəri olaraq, Zəkəriyyə adı yeddi dəfə çəkilir və ərəb dilində mənası Allahı unutmayandır. Yəhudilər, adətən, öz ikinci uşaqlarına Zəkəriyyə adı verirlər və İslam dünyasında da Zəkəriyyə adı çox geniş yayılıb. Bir sözlə, “Daş yuxular” kitabı iki şizofrenikdən bəhs edir və üçüncü şizofrenik isə onu qələmə alıb.

Mənim fikrimcə, İsmayıllıda da çox vacib bir hadisə baş verib. Cənab Prezident İlham Əliyev vaxtında buna çox sərt reaksiya verdi. Bundan sonra yəqin ki, harınlamış övlad böyütmüş məmurlar quyruqlarını qısacaqlar və həmin qanmaz övladlar başa düşəcəklər ki, nə onların valideynləri şah deyil, nə də özləri vəliəhd. Bir çox məmur övladlarına baxdıqda, təəccüb edirsən: bu qədər də qudurğanlıq olarmı?

Mənim fikrimcə, hələlik bəsdir.

Video və fotolar