Mənim fikrimcə (12)

 Məncə, dünya dəlixanaya çevrilməkdədir. Hətta dünyanın fövqəlgücləri də bir-birinə ikili standart tətbiq etməyə çalışır. Amerika Birləşmiş Ştatları və Avropada ona yedəklənmiş olanlar Rusiyanı “bolotnı işi”, ələlxüsus da “Udalsov və Novalnı işi işi” ilə bağlı, məhkəmənin sanksiyası olmadan qanunsuz çəkilişlər, qanunsuz dinləmələr həyata keçirməkdə ittiham edirdilər. Və qəfildən mətin döyüşçü – Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşı, hansısa bir Snouden peyda olur və bütün dünyaya car çəkir ki, Amerika Birləşmiş Ştatları və Böyük Britaniya məhkəmənin heç bir sanksiyası olmadan, aparıcı İnternet kompaniyalarının vasitəsi ilə bütün dünyanın, o cümlədən də öz “müqəddəs inəkləri” – Konqres və Senat üzvlərinin yazışmasına nəzarət edir, onların danışıqlarını dinləyir. Əsl Səddam Hüseyndə guya  kimyəvi silah olduğu barəsində, guya məlumatları olan ABŞ xüsusi xidmətinin şücaətli əməkdaşları indi Konqres və Senatda Snoudenin qaldırdığı səs-küy ilə bağlı keçirilən dinləmələrdə gözlərini yerə dikib, guya bu metodla on beş teraktın qarşısını aldıqlarını bildirsələr də, birini də göstərə bilməyiblər.

Yer kürəsinin istənilən nöqtəsində insan hüquqları pozulanda saçını yolub, üz-gözünə cırmaq atan ölkə həmin hüquqları bütün dünyada pozur. Ancaq Amerika Birləşmiş Ştatlarının həyasızlığının həddi-hüdudu yoxdur. Belə ki, indi Amerika eybəcər hala salınmış insan hüquqları müdafiəçisi simasını düzəltmək əvəzinə, həqiqətsevər Snoudeni bütün dünyada təqib edir ki, onu ələ keçirsin və edam etsin. Özü də Snoudenə siyasi sığınacaq verə biləcək ölkələrə də qabaqcadan barmaq yellədib, hədələyir. Xarixi ölkələrin yüzlərlə vətən xainini gizlədən və onlara siyasi sığınacaq verən ölkə başqalarını bu “savab işi” görmək hüququndan məhrum edir. Amma onlar bir məsələdə deyəsən, haqlıdırlar axı – həm Osanj Vikilipsdə, həm də Snouden Amerika Birləşmiş Ştatlarına əvəzolunmaz xələl yetirib. Əgər biri Amerikan diplomatiyasının cahilliyini faş edibsə, digəri bütün dünyaya sübut etdi: şərəf və vicdan məsələləri dünyanın ən qüdrətli fövqəldövləti – Amerika Birləşmiş Ştatları üçün deyil. Onlar o qədər həyasızdırlar ki, bu tüpürcəkləri sifətlərindən silib, başqalarına necə yaşamaq lazım olduğunu öyrətməkdə davam edirlər. XXI əsrin əvvəllərində başqa ölkələrin daxili işlərinə qarışırlar, dünyanı XX əsrin əvvəllərinə – kimin silahlı qüvvələri daha güclü idisə, onun da haqlı olduğu çağlara qaytarmaq istəyirlər. Ancaq onlar unudurlar ki, Amerika Birləşmiş Ştatları və onun müttəfiqlərinin silahlı qüvvələri həm İraqda, həm də Əfqanıstanda müharibəni praktiki olaraq uduzub, çünki xalq – əgər xalqdırsa, onu məğlub etmək mümkün deyil.

Məncə, bunu Azərbaycanın millətçi, ölkə daxilində dayaqları olmadığından, əsaslanmaq üçün nöqtəni xaricdə axtaran müxalifəti də unudur. “Şuriklər” öz sədrlərini – Rüstəm İbrahimbəyovu ilk növbədə xaricə göndərdilər. Düzgün gedişdir! Çünki o, “Şuriklər” arasında yeganə insandır ki, onu Azərbaycanın hüdudlarından kənarda tanıyırlar. Ancaq Rüstəm İbrahimbəyovun buna nə dəxli var axı? Axı onu kinossenarist, dramaturq, kinorejissor kimi tanıyırlar və dünyada heç kim onun haqqında siyasətçi kimi eşitməyib.

Mən başa düşürəm, dünyada iki peşə var ki, onlar haqda hamı hər şeyi bilir. Bu – futbol və siyasətdir. Məhrum Visente Fiola, Braziliya yığma komandasını 1958-ci ildə ilk dəfə futbol üzrə dünya çempionu etmiş məşqçi (söz düşmüşkən, özü futbolçu olmayıb, vur-tut şahmat üzrə beynəlxalq dərəcəli usta idi), azarkeşlər onu və yığmanı haqsız qara-qışqırığa salanda, demişdi – bir fərsiz məşqçi Fiola ehtiyat oyunçular skamyasında oturur, bir fərsiz Pele meydanda ora-bura qaçır, iki yüz on beş min istedadlı Fiola və Pelelər isə “Marakana”nın tribunasında əyləşib. İndi, bizdə siyasətdə də belədir. Əgər kiminsə xətrinə dəyirlərsə və yaxud vəzifədən çıxarırlarsa, ya da deputat mandatından məhrum edirlərsə və yaxud hansısa obyektini itirirsə, həmin adam dərhal çevrilib müxalif siyasətçi olur. İstəyir hüquq müdafiəçisi olsunlar, istəyir siyasətçi – bu insanlar bütün dünyanı dolaşır və ümid edirlər ki, ən çox sevdiyim ədəbi qəhrəman, Ostap İbrahim Berta Mariya Bender bəy, qısası, Ostap Bender demişkən – “Qərb bizə kömək edəcək”. Qərbdə bu insanlara baxır və qənaətə gəlirlər ki, bu, “göz yaşları ovuclarının içində olanlar” heç də hüquq müdafiəçisi və yaxud siyasətçi yox, leytenant Şmidtin pul sədəqə istəyən uşaqlarıdır. Xarici fondlardan birinin nümayəndəsi mənimlə şəxsi söhbətdə dediyi kimi, bizim ölkəmizdə peşəkar “qranttəpişdirən” həddən artıq çoxdur...

Məncə, bizim müxalifət Azərbaycan Respublikası prezidentinin seçkilərini Azərbaycanın hüdudlarından kənarda keçirməyə hazırlaşır. Biriləri bu seçkiləri Amerika Birləmiş Ştatlarında, digərləri Almaniyada, bəziləri Türkiyədə, bir qismi də Rusiyada keçirmək istəəyərdi. Çünki onlara Azərbaycan xalqı gərək deyil, onlar başa düşürlər ki, Azərbaycan xalqı onların “dabbaqda gönünə” bələddir və onların lehinə səs verməyəcək. Və hətta bir idiot-demokratımız məhrəm xəyalını da səsləndirmişdi ki, “kaş, bizi də bombalayaydılar, biz də az-maz ölkənin sükanı arxasında olardıq”. Biz bax bu qədər bədbəxtik ki, bu dərəcədə miskin, necə deyərlər, millətçi-demokratik müxalifətimiz var.

 

Məncə, haqlıyam.

 

 

Video və fotolar