Mənim fikrimcə (19)

Məncə, bu dəfə bizim “qabaqda gedənlərimiz”, Avropaya can atanlar haqqında danışacağımı söz vermişdim. Və mən bu vədi bir qədər sonra yerinə yetirəcəyəm...

Ukraynada, “narıncı inqilab” dövründə olduğu kimi, ABŞ və Avropadan maliyyələşdirilən hadisələr başlanmışdır.Əsas koordinatorlar İsveç, Polşa və Litvadır. 1980-ci illərdə Polşada Qdansk gəmi tərsanəsində yaradılan, peşəkar elektrik Lex Valensanın rəhbərlik etdiyi azad həmkarlar ittifaqı “Solidarnost” İsveç vasitəsilə maliyyələşdirilirdi. Z.Bzjezinskinin sosialist düşərgəsi zəncirində zəif halqanı tapmaq və onu daxildən dağıtmaq ideyası o vaxt uğurla gerçəkləşdirildi. Litvanın “Soyudis”inə ziyalılar rəhbərlik etsələr də, o da maliyyələşmədən kənarda qalmamışdı. Və budur, Avropa İttifaqının Vilnüsdə sammiti başa çatandan sonra, Ukraynanın prezidenti V.Yanukovicə açıq-açığına təzyiqlər göstərəndən və heç nə alınmayandan sonra, nümayişlərin yeni dalğası gəldi. Amerikanın pullarına Qərbi Ukraynadan Kiyevə qatı millətçilər və lümpenlər axışdı. Hakimiyyət gözləmə mövqeyi tutub. Bu  davranışı iki cür izah etmək mümkündür: birincisi, oxlosun, kütlənin imkan daxilində çox axmaqlıq etməsinə şərait yaratmaq və ardınca da çıxışları yatırtmaq məqsədi güdülür; ya da əhallinin həyatının daha da pisləşməsinə yol verməmək üçün Avropadan və mümkün iqtisadi sanksiyalardan çəkinirlər. Gülünc vəziyyət yaranıb. Polşa o qədər can-fəşanlıq edir ki, Ukraynada situasiyanın təcili qaydada Təhlükəsizlik Şurasında müzakirəyə çıxarılmasına çağırır. Bu – birinci dərəcəli həyasızlıqdır, amma nəzərə almaq lazımdır ki, arxalı köpək qurd basar. Arxa, əlbəttə ki, ABŞ-dır. Ukraynaya təzyiq elə bir dərəcədə həyasızlıq və cahilliklə edilir ki, hətta müstəqil Polşanın ilk prezidenti Lex Valensa da xəbərdarlıqla çıxış edib:

“Ukraynaya bu cür təzyiq etmək lazım deyil. Bəli, bu cür təzyiq Polşada müsbət effekt vermişdi, ancaq indi başqa zəmanədir və Ukraynada da situasiya fərqlidir. İmkan verin Ukrayna özünə gəlsin və iqtisadiyyatını nizamlasın. Bir də, o vaxt bizə verilən qədər pulu Ukraynaya heç kim verməyəcək. Əgər indi Ukrayna Avropanın yedəyində gedərsə, onu qışın soyuğu və aclıq gözləyir”.

Məncə, burada şərh artıqdır. Axı gərək tamam-kamal paranoik olasan ki, Lex Valensanı Rusiyaya sevgidə şübhələnəsən. Sadəcə, adam evinin yaxınlığında yanğın başlanmasını istəmir, bir də Polşa inqilabının flaqmanı Qdansk gəmi tərsanəsinin “şok terapiyası” dövründə əbədiyyətə qovuşduğunu və on minlərlə insanın işsiz və bir tikə çörəksiz qaldığını xatırlayır.

Yeri gəlmişkən, Avrointeqrasiya tələbi ilə küçələrə tökülüşən, Ukraynanın “Berkut” xüsusi təyinatlılarını təhrik edən və onların da situasiyaya müvafiq olmayan amansızlıqla pərən-pərən saldıqları, tələbələrin dedikləri məni sarsıtmışdır.

Əynində mavi gödəkçə olan qız “Avrointeqrasiya Ukraynaya nə verəcək?” sualına cavabında deyirdi: “Avropanın ən yaxşı universitetlərinə yollar açılacaq”. Hə də, dünyadan bixəbər qızcığaz bilmir ki, Avropanın universitetlərində “müftə pendir” olmur, onun imkanı varsa indinin özündə də Avropanın istənilən ali təhsil müəssisəsində oxuya bilər. Amma məsələ ondadır ki, axı Ukraynanın özündə təhsilin səviyyəsi çox yüksəkdir.

Qəhvəyi gödəkçəli oğlan bildirir ki, biz, ukraynalılar Avropada ağlasığmaz karyera edə bilərik. Avropa İttifaqına artıq daxil olmuş rumınların, bolqarların və b. “karyera etmək üçün” Avropaya buraxılmadıqlarına münasibətinin necə olduğu sualına isə o əsl Ukrayna millətçisi kimi cavab verdi: “Əşi, onlar axı qaraçıdırlar, kütbeyindirlər, biz isə ukraynalıyıq, biz istedadlıyıq...”

Burada bizim millətçilərimizi xatırladım və məni dəhşət bürüdü. Bütün dünyanın millətçiləri öz kütbeyinliklərində bir-birinə gör nə qədər yaxındırlar. İstəyirsən lap köməyə çağır və lozunq irəli sür “Nasionalistı usix krain, qop do kuçi!” (hərfi, “Bütün dünyanın millətçiləri, birləşin!”). Xatirimdədir, məşəqqətlərlə üzləşmiş ölkəmizin müstəqilliyinin erkən dövrlərində millətçilər təcili surətdə latın əlifbasına keçmək məsələsini qoyanda, yalnız dərsliklərin, kitabların – istər elmi, istərsə də bədii – yenidən çapına 4 milyard dollar tələb olunacağı ilə bağlı mənim etirazıma o vaxtkı mətbuat naziri S.Rüstəmxanlı dedi ki, bunların hamısını Türkiyə bizə havayı edəcək. Buna cavabımda göstərmişdim ki, Türkiyənin özündə məktəblərdə dərslik çatışmır, “Heklberri Finn və Tom Soyerin macəraları” kitabı orada 14 səhifəlik broşür kimi tərcümə olunub, onun da 3 səhifəsi şəkildir, Tolstoyun “Hərb və sülh” romanı isə 16 səhifədə tərcümə olunub, onun da 4-ü şəkildir. Mübahisəyə filologiya elmləri doktoru, təhsil naziri, deputat F.Cəlilov qoşuldu və dedi ki, bizim uşaqlarımız latın əlifbasını mənimsəyəndən sonra ingilis, fransız, alman və s. dilləri də mənimsəyəcək və bu dillərdə sərbəst danışacaqlar. Buna iradımı bildirdim ki, mən latın əlifbasını bilirəm, amma bu dillərin heç birində danışmağı və oxumağı bacarmıram, ərəb əlifbasını bilsəm də, ərəbcə danışa bilmirəm. Nə isə, sözüm odur ki, millətçi istər nazir olsun, istər  tələbə, fərqi yoxdur – təfəkkür eyni, təqribən plintus səviyyəsindədir. Mənə sual verirlər ki, ABŞ niyə belə qaça-qaça düşüb? Cavab sadədir. Axır vaxtlar ABŞ-ın etdiyi nə varsa, o da uduzmaqdır. İraqda uduzdu. “Ərəb baharı” layihəsi fiaskoya uğradı. Əfqanıstanda NATO ilə birlikdə möhkəm zərbə aldı. Vaşinqtonun Bəşər Əsədə irəli sürdüyü, mart ayında postundan getmək tələbi ilə ultimatumun üstündən iki il keçib. Hələ Ərdoğan da barmağını silkələyib, B.Əsədə marta qədər möhlət vemişdi, doğrudur növbəti mart ayınadək və bildirmişdi ki, öz xalqına qarşı qüvvə tətbiq edən və onun qanını axıdan dövlət başçısı legitimliyini itirir (axı həmin vaxt o bilə bilməzdi ki, “Gezi parkı”nı müdafiə edən, Ərdoğanın oğlunun yerində hotellər, restoranlar, yaşayış massivi tikdirməsi xatirinə parkın ləğv edilməsinə yol verməyən xalqının qanını tökəcək). Davam edərək, Rusiya Suriyaya qarşı müharibənin qarşısını aldı və İran nüvə düyünün açılması yollarının axtarıb tapılmasına nail oldu... Bu qədər məğlubiyyət (Rusiyanın bu sayda diplomatik qələbəsi) və... şair qəlbi dözmədi. Axı ABŞ-a elə gəlirdi ki, Ukrayna artıq cibindədir, duzu, istiotu vurulub, bircə həzm-rabedən keçirmək qalıb. Və Kissincerin, Bzjezinskinin və xanım Olbraytın Ukraynanın Rusiyadan qoparılması və düşündükləri kimi, Rusiyanın çox da böyük olmayan dövlətə çevrilməsi ilə bağlı arzuları çin olacaq. Məncə, çox sərsəm sayıqlamalardır.

P.S. Ən qəribəsi odur ki, Ukrayna şərq regionlarının hesabına yaşayır, ölkənin qərb regionları isə dotasiya alır, kobud desək, hazırın nazırıdırlar və orada Ukrayna əhalisinin az hissəsi yaşayır. “Reç Pospolita” (Ukraynanı istila edən Polşa-Litva knyazlığı) dövründə olduğu kimi, onlar yenə də Ukrayna dövlətçiliyinə düşmən olan beşinci sütun rolunu oynayırlar. Ukraynanın şərq regionları prezidentdən Ukraynanın maraqlarına xəyanət edən kütləyə qarşı sərt tədbirlər görülməsini tələb edir. Elə olmasın ki, özlərini bolşevik adlandıran az sayda insan kabinetinə girib prezidentə, çoxluğun təmsilçisi olan adama – “keşikçilər yorulub” deyəcəkləri məqam yetişsin.

Video və fotolar