Mənim fikrimcə (20)

Məncə, Ukraynada bütün maskalar çıxarılıb. Amerika Birləşmiş Ştatları və onun qoşqusuna bağlı olan ölkələrin yüksək vəzifəli siyasətçilərinin törətdikləri dərəbəylik heç bir ölçüyə sığmır. ABŞ dövlət katibinin müavini Viktoriya Nuland, İsveçin xarici işlər naziri Karl Bildt, Almaniyanın xarici işlər naziri Gido Vestervelle, Böyük Britaniyanın Avropa İşləri üzrə naziri Devid Lidinqton cuşa gəlib, artıq “Maydan” dəmini tutublar və day əlbəttə ki, Radoslav Sikorskinin xarici işlər naziri qismində təmsil etdiyi Polşa haqqında danışmayaq. Karl Marks yazdığı kimi, “...polyaklar qəribə xalqdır, onlar heç nədən hərc-mərclik və xaos yarada və ən çətin məqamda kənara çəkilə bilərlər”. 1980-ci illərin sonlarında Polşadan başlanan və sosialist düşərgəsinin dağılması ilə başa çatan prosesi, ya da Polşanın XVII əsrin əvvəllərində Rusiya taxtına Yalançı Dmitrini əyləşdirmək cəhdlərini xatırlayın – o vaxt bunun qarşısını Minin və Pojarskinin rəhbərlik etdikləri xalq üsyanı aldı və polyakları Rusiyadan qovdu. Hər şeydən göründüyü kimi, indi Qərbdə hamı Ukraynanı həzm-rabedən keçirməyin mümkün olmadığını anlayır – həddən artıq böyük tikədir, boğazda qala bilə və ona görə də oyunun bahasına Ukraynanın parçalanması qoyulur. Yanukoviçi qətiyyətli hərəkətlərə əl atmaqdan saxlayan bəlkə də elə budur, hərçənd 2004-cü ilin “narıncı maydanı” onun qətiyyətli adam olmadığını sübut etmişdir. Dnepropetrovsk, Luqansk, Odessa, Donetsk vilayətləri və Krım mərkəzdən qətiyyətli hərəkət tələb etsə də, bu hələ gözə dəymir.

Ən əlamətdar olanı odur ki, ABŞ və onunla birlikdə Ukraynanın işlərinə qoşulanlar yalnız burunları və başları ilə girməyiblər, bayırda qalan bircə ayaqları olsa da, Rusiyanın suveren dövlətin – Ukraynanın daxili işlərinə müdaxilə etməyə haqqının olmadığını bağırırlar. İnsafınız olsun, mərhəmətli insanlar, Rusiya Ukraynanın işlərinə məgər nə vaxtsa qarışıb? Boqdan (Zinoviy) Xmelnitski ukraynalıları xalq olaraq yox olmaq təhlükəsi altına qoyan Polşa-Litva istibdadına qarşı 1648-ci ildə Ukrayna xalqını azadlıq müharibəsinə qaldıranda, Rusiya qarışmırdı. Boqdan Xmelnitski Romanovlar sülaləsindən olan ikinci çara, Aleksey Mixailoviçə dəfələrlə hərbi yardım xahişi ilə namə yazmışdı və hər dəfə də cavab alırdı ki, 1614-1621-ci illər hərc-mərcliyi dövründən sonra (Yalançı Dmitrini taxta əyləşdirmək cəhdləri həmin dövrə təsadüf edir) Rusiya Ukrayna xalqına kömək etmək üçün həddən atıq zəifdir. Rusiyanın yardımı yalnız selitra təchizatından ibarət idi. 2004-cü ildə Rusiya stavkanı guya Viktor Yanukoviçə edirdi, amma rusiyalı siyasi-texnoloqlar – Pavlovski, Markov – Yanukoviçə yarıtmaz xidmət göstərdilər. Həmin vaxt bütün Avropa Ukraynanın üstünə düşəndə, Rusiya təzim etdi və yaxasını kənara çəkdi. 2010-cu ildə Rusiya ümidlərini artıq “hörüklü xanıma” – Yulya Qriqoryan-Telegina-Timoşenko ilə bağlayırdı, Yanukoviç isə çox da diqqət mərkəzində olmayan fiqur idi, amma qalib gəldi.

Odur ki, Rusiyanın Ukraynaya kömək etdiyini düşünənlər səhv edirlər. Bəli, Ukrayna ilə birlikdə olanda Rusiya həmişə qüdrətli fövqəldövlət olub, amma ona real yardım göstərməyib. Aleksey Mixailoviç Romanov Fransa kralına yazdığı məktublara Rusiya Çarı imzasını qoyurdu, cavab məktublarda isə ona Moskva Çarı adı ilə müraciət edirdilər. Nəhayət, “şair qəlbi” dözmədi və Aleksey Mixailoviç, niyə Rusiya Çarı kimi qəbul olunmadığının səbəbini izah etmək üçün Rişelyeyə məktub yazdı. Rişelye cavab vermişdi ki, Qızıl Rusiya (Ukrayna) və Ağ Rusiya (Belorusiya) əlinin altında olmayana qədər onu hamı Rusiya deyil, “Moskovi Çarı” kimi qəbul edəcək.

Boqdan Xmelnitski və Ukrayna xalqı “Reç Pospolitay” ilə, arxasında yeganə (o da etibarsız) müttəfiq – Krım Xanı olaraq döyüşürdü. Krım xanı Osmanlı imperiyasının vassalı idi, imperiyada isə altı yaşlı Sultan IV Mehmetin sultan hakimiyyətinin qəyyumu anası – ukraynalı qadın idi və Krım xanı Boqdan Xmelnitskiyə Qızıl Portanın əmri ilə kömək edirdi. Artıq yaşa dolan və xəstə Boqdan Xmelnitski əhatəsində layiqli varisin olmadığını görəndə, 1654-cü il yanvarın 18-də, Pereyaslav Radasının gedişində, Rusiya ilə müqavilə bağlamağa razılıq verdi və buna uyğun olaraq, Ukrayna xalqının və kazakların imtiyazları və azadlıqları saxlanırdı. Və əlbəttə ki, tezliklə bu imtiyazlar alındı və yalnız imperatrisanın xidmətinə keçən altı min kazak üçün qüvvədə qaldı, qalanlar istibdad altına düşdü.

Və indi, hamı – ABŞ və onun müttəfiqləri – Rusiyanın qüdrətini məhv etmək üçün Ukraynanı dilənçi və aclıq çəkən müstəmləkə halına salmaq istəyəndə, Rusiya yenə də dinməzcə durub və tamaşa edir – Ukrayna sağ qala biləcək, ya yox. Rusiya bərabərhüquqlu tərəfdaşları sevmir, Rusiyaya Ermənistan kimi, Rusiyanın qarşısında iməkləyən və ləbbeyk deyən tərəfdaş lazımdır.

Məncə, sizə bizim “marallarımız” haqqında danışacağımı söz vermişdim.

Bizdə, “ay aman, tələsin, yoxsa qloballaşma bizsiz baş verər” bağıran Qeyri Hökumət Təşkilatı çoxdur. Başa düşmürəm ki, onlar bunu cahillikdən, savadsız olduqlarından edirlər, yoxsa satqın olduqlarına görə. Biri Avro-Atlantik məkanı ilə dostluq təşkilatını, başqası NATO ilə əməkdaşlıq təşkilatını yaradır... Üzr istəyirəm, dostlar, Azərbaycan bu gün qloballaşmada nə ilə iştirak edə bilər? Enerji daşıyıcıları ilə? Biz bunun hamısını Əsrin kontraktı üzrə onsuz da veririk axı! Bir “ağıllı”, fizika-riyaziyyat elmləri doktoru, bir müddət əvvəl təklif etmişdi ki, texniki ixtisaslar üzrə tələbələrin hamısının profilini dəyişib, kompüter proqramçısı etmək lazımdır, çünki dünyada onlara tələbat böyükdür. Guya bütün dünya oturub, Azərbaycanda kompüter üzrə mütəxəssislərin nə vaxt hazırlanacağını gözləyirmiş. Başqa bir “ağıllı”, bizi Avro-Atlantik məkanında gözləyirlərmi sualına, ani olaraq da tərəddüd etmədən cavab vermişdir ki, biz Avropa Qonşuluq Siyasətini imzalayandan sonra artıq Avropadayıq, qalır bircə Atlantik məkana daxil olmağımız. Azərbaycanın bütün əhalisinin Avropadan keçərək Atlantik məkan-okeanına tökülüşdüyünü təsəvvür elədim və məni dəhşət bürüdü. Üçüncü idiot, bizi NATO-da gözləyirlərmi və Azərbaycan ordusunun standartları NATO standartlarına uyğundurmu sualına qırmızı-qırmızı cavab verir – bəli; və izah edir niyə: axı biz NATO ilə çiyin-çiyinə İraqda və Əfqanıstanda döyüşürük. Allah rəhmət eləsin mərhum Ağabəy Sultanova. Gör onun nə qədər müştərisi QHT-lərə rəhbərlik edir...

Yeri gəlmişkən, bu məsələdə biz gürcülərə çox oxşayırıq. Xatirimdədir, 1990-cı ildə, indi mərhum Georgi Çanturiya və hazırda sağ-salamat olan İrakli Sereteli, o vaxtkı Gürcüstan Xalq Cəbhəsinin liderləri, ağızları köpüklənə-köpüklənə sübut edirdilər ki, Gürcüstan əvvəl NATO-nun üzvü olacaq və yalnız bundan sonra SSRİ-dən çıxacaq. SSRİ-nin respublikalarından birinin NATO-nun üzvü necə ola biləcəyi sualını mən onlara verəndə, heç hallarını da pozmadan bildirmişdilər: ABŞ generalı Con (Malxaz) David Şalikaşvili Avropada NATO Silahlı Qüvvələrinin komandanıdır və o, təbii ki, bu məsələnin həllində Gürcüstana kömək edəcək.

Bax beləcə, millətçilər hər yerdə xəstədirlər. Yalnız Avropa siyasətçiləri yox, həm də gürcü və azərbaycanlı siyasətçilər də “Maydan”a soxulublar. Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili “Maydan”da özünü göstərdi, Azərbaycan prezidenti katibliyinin eks-rəhbəri, milli şuriklərin aparatının eks-başçısı Eldar Namazov da orada olub və onlar, çox güman, Mərkəzi Poçtun binasında özləri haqqında tarixi xatirə də qoyublar: “Musya və Eldusya burada olub”.

Deyirlər ki, Ukraynada insanlar divar-divara bir-birinin üstünə gedə bilər və milli şuriklərimiz millətçi ruhda köklənmiş gəncləri Kiyevə göndərib. Burada onlara “məğlubedilməz sərkərdə”, Azərbaycan Daxili Qoşunlarının keçmiş komandanı – moşennik Fəhmin Hacıyev rəhbərlik edəcək. O, insanları bir dəfə artıq arxasınca aparmışdı – 1993-cü ildə Gəncəyə, Surət Hüseynovu həbs etməyə, qardaş qanı axıtmağa, di gəl orada tərksilah olunmuş və həbs edilmişdi. Məsələ isə ondadır ki, V.Yanukoviç S.Hüseynov deyil və başda F.Hacıyev olan “uçan azərbaycanlılar” dəstəsi haqqında eşidən kimi, əlbəttə, Ukraynanı qoyub qaçacaq.

Yeri gəlmişkən, əgər əlbəyaxa başlanarsa, onda Yanukoviç təkcə Vitali və Vladimir Kliçko qardaşları ilə yox, həm də milli şuriklərimizin Ukraynada nümayəndəsi Yalçın Qəhrəmanovla gücünü sınamalı olacaq. Sonuncu Azərbaycanda “qəhrəman” kimi ad çıxarıb – məktəbdə bir yerdə oxuduğu və sonralar həyat yoldaşı olmuş xanımı bayılana qədər sistematik olaraq döydüyü ilə.

Bax belə, necə deyərlər, uğrunda döyüşən qəhrəmanları olmayan – vətən deyil, amma bəzən millətçi-əclaflar da doğulur.

Heyif, ancaq, məncə, haqlıyam.

Video və fotolar