Mənim fikrimcə (21)

Məncə, başa çatmaq üzrə olan 2013-cü il müxtəlifliyi ilə fərqlənirdi və maraqlı idi. Dünyanın əvvəl özünü dağıtmaq üçün əlindən gələni etdiyini, sonra isə, sonuncu məqamda, birgə səylərlə “Stop dəstəyi”ni çəkdiyini müşahidə etmək maraqlı idi.

Müasir dünyada qadınlar böyük rol oynayır. ABŞ Dövlət Departamentinin rəhbəri olduğu bir müddət ərzində Hillari Klinton, müttəfiqlərin köməyi ilə, elə zibil qaynatdı ki, həmin, necə deyərlər, “ərəb baharı”nın nəticələrini bütün dünya, xüsusilə də, yoxsul və bədbəxt ərəb ölkələri ən azı əlli il təmizləyəcək. ABŞ-ın prezidenti Barak Obama bu il Suriya ilə müharibə başlamaqla az qala dəhşətli səhvə yol verəcəkdi və buna hətta ABŞ-ın ən sadiq müttəfiqləri də “Yox!” dedi. Və etiraf etmək lazımdır ki, bütün dünya Rusiyanın prezidenti Vladımır Putinin ətrafında birləşdi və V.Putin Suriyada müharibənin baş verməməsi üçün tələb olunan zəmini tam şəkildə yarada bildi. Bu hadisələr göstərdi ki, Rusiya tədricən əzələlərini artırmaqda və beynəlxalq arenaya vacib oyunçu qismində qayıtmaqdadır. İranın nüvə proqramı ətrafında baş verən qarşıdurmanın nizamlanmasına Rusiya öz töhfəsini verdi. Hazırda ABŞ və İran, yavaş-yavaş və qarış-qarış, bir-birini başa düşməyə başlayırlar. Rusiyanın beynalxalq meydanda xallar qazanması, Rusiyanı XVII əsrin Moskva çarlığı səviyyəsinədək parçalamaq arzusunu bəsləyənləri bərk əsəbiləşdirir. Rusiyanın prezidenti V.Putin bunu anlayır və əsas vurğunu güclü, müasir, yüksək texnologiyalı ordunun yaradılmasına edir. Və onun bəxti gətirib ki, çoxmilyonlu məmur ordusunun arasında bir cüt vicdanlı və korrupsiyalaşmayan məmur tapa bilib – Sergey Şoyqunu və Elvira Nabiullinanı və “Argiyev at tövlələri”nin iki ən zibillənmişini – Müdafiə Nazirliyini və Mərkəzi Bankı onlara tapşırdı. V.Putinin əlinin altında vicdanlı bir məmur da var – Dmitri Paqozin və V.Putin ona, vitse-baş nazir olaraq, hərbi-sənaye kompleksini tapşırdı: ağır maşınqayırmanı, aviasiya istehsalını, gəmiqayırmanı, raket sənayesini, kosmik sahəni və s. və i.a. Həmin sahələrə rəhbərlik edən əvvəlki məmurlar ordunu dağıtmışdılar, ordunu müasir silahsız qoymuşdular, orduya ayrılan maliyyəni isə tum kimi çırtlayırdılar. Düşünməyin ki, mən havalanmışam və Rusiyada düzgünlük, pulgir olmamaq və ədalət hökm sürür. Xeyr! Qarabağ, Cənubi Osetiya və Abxaziya, Dnestryanı məsələlərində Rusiya əvvəlkitək ədalətsizdir. Rusiyanın imper ambisiyaları heç yerə yox olmayıb, insan hüquqları pozulur, sadə insanlar yoxsullaşır, qocalar, pensiyaçılar çətinliklə yaşayır, ələlxüsus da, Böyük Vətən müharibəsi veteranları əziyyət çəkir. V.Putin onların mənzil şəraitlərinin, onlara göstərilən tibbi xidmətin, yaşayış səviyyələrinin yaxşılaşdırılması ilə bağlı nə qədər göstəriş versə də, yerlərdə xırda məmurlar ayaqlarını yalnız bu sərəncamlara yox, həm də veteranların qəlblərinə silirlər.

Rusiya haqqında mənfi mənada dediklərimin hamısını eyni inamla da Birləşmiş Ştatlar, Böyük Britaniya, Almaniya, Fransa haqqında deyə bilərdim, bir sözlə – dünya ədalətsizdir. Zəif dövlətlər, zəif insanlar heç yerdə müdafiə tapa bilmirlər. Ona görə də, kiçik dövlətlərdə yaşayan xalqlar talelərinin başqaları tərəfindən yox, özləri həll etmək üçün qüvvələrini səfərbər etməlidirlər, bu dövlətlərin məmurları hərisliklərini basmalıdırlar, həmin ölkələrin əhalisi yorulmadan işləmək və hədləri aşan məmurun əlindən vurmaq üçün özündə təpər tapmalıdırlar.

Məncə, haqlıyam.                                                         

Bir də, az qala unutmuşdum. Üzümüzə gələn 2014-cü Yeni İl münasibəti ilə Sizi təbrik edirəm! Sizin hamınıza xoşbəxtlik arzulayıram, yeni ildə həyatınızda sevincli günlərə, öz uğurlarınıza ürəkdən gülmək üçün çoxlu səbəblərin olmasını diləyirəm. Gülün, amma, 2014-cü ilin atlı gəlməsinə baxmayaraq, kişnəməyin...

Video və fotolar