Mənim fikrimcə (23)

Məncə, dünyada ədalət yoxdur və olmayacaq da. Hamı anlamalıdır ki, əgər onlar Birləşmiş Ştatlarda və yaxud Avropanın aparıcı ölkələrində doğulmayıblarsa, onları həyatın kandarına atılmaq və təhqiramiz ömür sürmük gözləyir. Mən, əlbəttə ki, ayrı-ayrı fərdlər haqqında yox, bütöv xalqlar, millətlər haqqında danışıram. ABŞ və onun aparıcı Avropa ölkələrindən olan müttəfiqləri, dünyanın işlərinə ayıq başla baxmağa, milli mənliklərini dərk etməyə başlayan və bərabərhüquqlu olmaq istəyən dövlətlərə və xalqlara qarşı artıq iyirmi ildir ki, praktiki olaraq ölümünə müharibə aparırlar. Bu ölkələri parçalayıb dağıdırlar, həmin ölkələrin xalqlarını bir-birinin üstünə qısqırdırlar, bölürlər ki, hökmranlıq etsinlər. Və təbii ki, neoimperialistlərin rəzil ideyalarının gerçəkləşdirilməsi işində ən yaxşı bələdçilər, elə həmin ölkələrin daxilindəki “beşinci sütun”lardır. “Beşinci sütun” neofaşistlərdən, dini fanatiklərdən, ya da, sadəcə olaraq, aşağıdan tutmuş, yuxarıya qədər, işsizlərdən tutmuş, ziyalılar adlandırılan və siyasətçilərə qədər – istənilən cəmiyyətin istənilən təbəqəsində tapılan satqın əclaflardan yaradılır. Bu adamlar pul müqabilində hər şeyi – Vətəni, öz xalqını, doğma anasını, hətta öz övladlarını satmağa hazırdırlar. Bu satqınlar müxtəlif olsalar da, onların adı birdir – “insanlığını itirmişlər”. Siz onları görmək istəyirsiniz? Ukraynadan reportajlara baxın. “Cenevrə-2”dən reportajlara baxın, burada çox böyük təcrübəsi olan diplomat, Suriyanın xarici işlər naziri Valid Muəllemlə danışıqları... narkotik alverçisi və qadın dəllalı, hazırda isə Suriya müxalifətinin lideri Əhməd Carba aparır və özünü “Suriyanın dostları” adlandıranlar belə əclaflarla işbirliyində olmaqdan çəkinmirlər. Suriya Respublikasının prezidenti Bəşər Əsəd Suriyanın barışıq hökumətində təmsil oluna bilməz, deyən ABŞ dövlət katibi Con Kerri bu danışıqların məğzini və öz ölkəsinin danışıqlar aparan hansı tərəfi dəstəklədiyini dəqiq ifadə etmişdir. Məncə, Con Kerri danışıqları diktə ilə səhv salmışdır və anlamır ki, onun diktəsi yekunda Suriyada cəmiyyətin tör-töküntülərinin diktatına gətirəcəkdir. O unudub ki, ağıllı adamlar başqalarının səhvindən ibrət götürür, idiotlar isə – öz shvlərindən sonra da cahil olaraq qalırlar. Düşünürəm ki, ABŞ-ın keçmiş dövlət katibi Hillari Klintonun səhvlərinə, elə indiki dövlət katibi Con Kerri özü də yol verir. Bütün bunların nəticəsində ərəb xalqları “Əl-Qaidə”nin ayaqları altına atılıb, “Əl-Qaidə”nin ABŞ xüsusi xidmət idarələri tərəfindən yaradıldığını nəzərə alsaq isə, qənaətə gələ bilərik ki, həm Hillari Klintonun, həm də Con Kerrrinin etdikləri – bunlar səhv deyil, ABŞ-ın düşünülmüş xarici siyasətidir və bunda məqsəd ərəb xalqlarını ən azı iyirminci əsrin əvvəlləri dövrünə atmaqdır. Və bütün bunlar “Demokratiya uğrunda!” şüarı altında edilir. Əvvəl-axır gün gələcək və insanlar bu sözdən vahimələnməyə başlayacaq. Bizim ən müasir tariximizi xatırlayaq, Xalq Cəbhəsinin yarandığı dövrü yada salaq. O özünə “demokratik qüvvələr” adı qoymuşdu, bandit dəstələri yaratmışdı və reketlə məşğul idi, dövlət çevrilişi yolu ilə hakimiyyətə gəldi, 1992-ci il prezident seçkilərini saxtalaşdırdı, senzura tətbiq etdi, jurnalistləri döyürdü, heç bir hərbi hazırlığı olmayan uşaqları küçələrdən tutur və “mərmi əti” qismində cəbhəyə yollayırdı, korrupsiyanı o vaxta qədər görünməmiş səviyyəyə qaldırdı, ölkəni vətəndaş müharibəsi həddinə yetişdirdi və... aradan çıxdı. Bəli, indiyədək də özlərini milli-demokratlar adlandıran həmin adamlar Ukraynadan kadrlara baxır və Qərbin Azərbaycanda da xaos yaratmaq qərarına gələcəyi, Niyazi küçəsinə döşənmiş qəmbərləri yığa və “demokratiya” şüarı altında dövlət idarələrini, məktəb və muzeyləri ələ keçirə biləcəkləri gün haqqında xəyallara dalırlar. Onlar bütün bunların baş verməsini çox istəyərdilər. Ancaq bunlar hamısı boş xəyallardır... Birincisi, bizdə millətçilik mərəzinə tutulmuş ruhən azarlı adamlar o qədər çox deyil. İkincisi, bizdə millətçi-demokratlar arasında elə bir lider yoxdur ki, millətçilik mərəzinə tutulmuş ruhən azarlıların heç olmasa hansı isə bir dərəcədə əhəmiyyətli hissəsi onun arxasınca getmiş olsun. Üçüncüsü, respublikanın rəhbəri qətiyyətsiz və qorxaq V.Yanukoviç deyil (Şükür Allaha).

 

Əzizlərim, sakit ola bilərsiniz, əclaflar bizdə bir daha hakimiyyətə çata bilməyəcəklər!

Məncə, haqlıyam.

Video və fotolar