Mənim fikrimcə (24)

Məncə, biz gözəl 2014-cü il XXII Soçi Qış Olimpiya Oyunlarının şahidi oluruq. Rusiyanın belə qısa müddət ərzində sıfırdan başlayıb, bu qədər möhtəşəm olimpiya tikililərini inşa edə, bataqlıq üzərində və dağlıq şəraitdə evlər və yollar tikə biləcəyinə, Soçinin praktiki olaraq Adlerlə birləşərək, bütün il boyu fəaliyyət göstərən beynəlxalq miqyaslı kurorta çevriləcəyinə heç kim inanmazdı. İnsanların bir qismini 50 milyard dolları keçən nəhəng xərclər maraqlandırır, digərləri oğurlanan pulların həcminə “valeh” olub, bəzilərini bu xərclərin özünü doğruldub-doğrultmayacağı sualı “gəmirir”... Qonşu ölkənin vətəndaşı olaraq mənim üçün isə vacib olanı, Rusiyada gözəl və ədalətli idman yarışının keçməsi faktıdır. Rusiya Federasiyasının prezidenti Vladimir Vladimiroviç Putin oğurlanmış vəsaitlərlə bağlı həm ölkə daxilindən, həm də xaricindən gələn ittihamlara cavabında bildirmişdir ki, bununla müvafiq orqanlar məşğul olacaqdır. Hesab edirəm ki, elə bu cür də olmalıdır, qoy məşğul olsunlar – bu, Rusiyanın daxili işidir. Kənardan bizim daxili işlərimizə qarışanda mənim xoşuma gəlmir və mən qonşu dövlətlərin daxili işlərinə qarışmağa hazırlaşmıram. Mən yalnız öz subyektiv rəyimi ifadə edə bilərəm, illah da, özlüyündə obyektiv rəy ümumiyyətlə mövcud deyil. Ancaq elə şeylər var ki, onlar haqqında fikrimi bildirmək istəyərdim...

Məncə, Olimpiya Oyunlarının açılışı kimi məsələlər, ələlxüsus da, əgər sən burada Rusiya kimi qüdrətli dövlətin tarixini danışmaq istəyirsənsə, dəqiq ölçülüb-biçilmiş olmalıdır vəbuna görə də böyük alimlərin, ssenariçiləri və rejissorların biliklərindən və bacarıqlarından yararlanmaq zəruridir. ORT-nin baş direktoru Konstantin Ernst, əlbəttə, görkəmli menecerdir, ancaq möhtəşəm hadisənin – 2014-cü il XXII Soçi Qış Olimpiya Oyunlarının açılışının ssenariləşdirilməsini və rejissurasını onun ixtiyarına vermək nəyə lazım idi. Rusiyanın tarixini bilməyən adam bu qənaətə gələrdi ki, Rusiyanın tarixi öz başlanğıcını Yasonun “Qızıl dərini” oğurlamaq və şahzadə Medeyanı qaçırtmaq üçün Kolxidaya gəldiyi məqamdan başlanır. Yəqin ki, Ernst başlanğıcda diqqəti, bir vaxtlar Gürcüstana məxsus olan, hazırda isə Olimpiya Oyunlarının keçirildiyi Qafqazın Qara dəniz sahillərinin əsas hissəsinin hazırda nə üçün Rusiyanın mülkiyyəti olduğu üzərində cəmləmək istəyirmiş. Düzünə qalsa, həftəbecər alınıb – Rusiyanın tarixi haradadır, Qədim yunan mifləri harada, baş açmaq mümkün deyildi.  Əksinə, tamaşa bu fikrə rəvac verdi ki, Yason “Qızıl dərini” və şahzadə Medeyanı nə cür ələ keçiribsə, Rusiya da Qara dəniz sahillərini o cür ələ keçirtmişdir. Həqiqətən də, axmağı Allaha dua etməyə məcbur elə!..

Məncə, Rusiyanın tarixindən olan uzun-uzadı bu iki epizod – qurtarmaq bilməyən ballar və bolşeviklərin hakimiyyətə gəlişi o qədər darıxdırıcı idi ki, hətta Rusiyanın baş naziri Dmitri Anatolyeviç Medmedevi yuxu da apardı. Qurtarmaq bilməyən balların gedişində verilən şərhlərdən elə təəssürat yaranırdı ki, bu, Rusiyanın inkişaf etdiyi və cəmiyyətdə firavanlığın hökm sürdüyü mərhələ olub: “Mərhəmətli ağalar və şükranə nökərlər”. Ağalar o qədər mərhəmətli idilər və başları rəqslərə elə qarışmışdı ki, şükranə nökərlər dövləti dirçəltmək işini öz əllərinə götürməyi qət etmişdilər... Xatırlayıram ki, Rusiyanın NTV kanalında Rusiya imperiyasının süqutunun səbələrinin müzakirəsi aparılırdı və hazırda Romanovlar Evinin başçısı, tarixçi-professor Nikolay Romanoviç Romanov tele-körpü ilə Milandan qoşulmuşdu. Verilişdə iştirak edən Rusiya neoliberalları 1917-ci ilin oktyabrında baş verən bolşevik inqilabının Rusiya dövlətçiliyinin inkişafına və çiçəklənməsinə son qoyduğuna ağı deyib, saçlarını yolur və timsah göz yaşları axıdırdılar. Romanovlar Evinin indiki başçısına, həmin nəzakətli, savadlı, ziyalı N.R.Romanova söz veriləndə, o təəssüf ifadə edən təbəssümlə dedi ki, sizi dinləyirəm və məndə öz ölkənizin tarixini bilmədiyiniz hissi yaranır. Məsələ ondadır ki, II Nikolay, Tanrı o dünyasını versin, özündən asılı olan, eləcə də olmayan hər şeyi etdi ki, Rusiya imperiyasını dağıtsın. Və bir də, unutmayın ki, II Nikolayı hakimiyyətdən 1917-ci il fevral inqilabından sonra kənarlaşdırmışdılar, o taxt-tacdan 1917-ci il mart ayının 15-də imtina etmişdi və bunu edən bolşeviklər yox, burjuaziya idi... Day olub da, Konstantin Ernst NTV-yə yox, ORT-yə rəhbərlik edir və bütün bunlardan xəbəri olmaya da bilər. Amma olimpiadanın açılışında sovet hakimiyyəti mərhələsi uzun-uzadı verildi və hər şey qırmızıya, qan rəngində qırmızıya bürünmüşdü. Və sovet xalqının alman faşizmi ilə mübarizəsi mövzusu üzərindən ötəri keçib getdilər, hərçənd bu mübarizədə qələbə uğrunda ən böyük qurbanları verən qüdrətli rus xalqı olmuşdur. Anlamaq mümkün deyil, bu, ya Beynəlxalq Olimpiya Komitəsinin yeni prezidenti, alman Tomas Bax qarşısında qorxu idi, ya da qərbli tarixçilərin yazdıqlarını oxuyub özünə hopduran Konstantin Ernst səmimi qəlbdən düşünür ki, alman faşizmi üzərində qələbəni insanların qüdrətli birliyi – Sovet xalqı deyil, anqlosaksonlar təmin edib. Və bir də, məncə, Konstantin Ernst avamdır, o bilmir ki, qırmızı rəng qanı yox, müasirliyi təcəssüm etdirir. Bəlkə buna görədir ki, ondan fərqli olaraq, Rusiya Federasiyasının savadlı və müasir prezidenti Vladimir Vladimiroviç Putin yarışların hamısına əynində qırmızı rəngli idman kostyumunda gəlir.

Məncə, 2014-cü il XXII Soçi Qış Olimpiya Oyunlarının təşkilatçılarının səhvi ondan ibarətdir ki, müasir Rusiya da Sovet İttifaqı kimi eynilə həmin dırmığı tapdayır. SSRİ-də bir təbəqə, “partiya nomenklaturası” adlandırılan insan var idi və hesab olunurdu ki, onlar istənilən işin öhdəsində gələ bilərlər, onları (eyni adamları) təhsilindən, ixtisasından, bilik səviyyəsindən asılı olmayaraq, gah sənaye sahəsinə, gah aqrar sektora, gah mədəniyyət, gah da təhsil sahələrinə və s. və i.a. atırdılar. Bax indi müasir Rusiyada da öz nomenklatura kadrları – top-menecerlər peyda olub, onları gah televiziyaya, gah idmana, gah qaz sahəsinə, gah elektroenergetika sektoruna, gah elmə atırlar...

Məncə, qoy Rusiyada nə istəyirlərsə, onu da etsinlər, bircə onların səhvlərini bizim təkrar etməyimiz lazım deyil.

 

Məncə, haqlıyam.

Video və fotolar