Mənim fikrimcə (29)

 Məncə, dünyada bəzən xoş işlər də baş verir. Məsələn, 2014-cü il 30 iyun – 1 iyul tarixdə Mexikoda keçirilən Sosialist İnternasionalının Şurası partiyamızın bu nüfuzlu beynəlxalq təşkilatda üzvlüyünü bərpa etmiş, bununla da ədaləti bərpa etmişdir. Mən demək olar üç il idi, Sosialist İnternasionalında fəaliyyətimizin dayandırılması məsələsi ilə bağlı heç bir şərh vermirdim. Belə ki, bu qərar Sosialist İnternasionalının Etika üzrə Komitəsi tərəfindən qəbul edilmişdi, bu təşkilatın Nizamnaməsinə uyğun olaraq isə, Etika üzrə Komitənin qərarından apelyasiya vermək olmaz. Şəxsən mən bunu qeyri-demokratik hesab etsəm də, necə deyərlər, öz nizamnamənlə başqasının monastırına girməzlər. Əmin idim ki, tez və ya gec ədalət zəfər çalacaqdır, elə bu cür də oldu. Bizim partiyanı və şəxsən məni dəstəkləyən Sosialist İnternasionalı üzrə bacı partiyaların hamısının nümayəndələrinə təşəkkürümü bildirirəm. Məsələnin məğzi nədən ibarət idi? Bəzi adamlar nəyə görə bizim partiyanın üstünə qalxmışdı? Nəhayət ki, “i”lərin üstündəki nöqtələri yerinə düzmək istəyirəm.

Mən 1998-ci ildə məcburi emiqrasiyadan qayıdandan sonra, partiyanı çox məyusedici vəziyyətdə tapmışdım. Partiyanın digər həmsədri, Zərdüşt Əlizadə yalnız “İstiqlal” qəzeti ilə məşğul olurdu, idarəetmə cilovlarının hamısı partiyanın insan hüquqları üzrə müavini, Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Komitəsinin (HQA) sədri Arzu Abdullayevaya verilmişdi, o da Azərbaycan Sosial Demokrat Partiyasını HQA-nın əlavəsinə çevirmişdi. Həmin qısa müddət ərzində partiya üzvlərinin sayı min beş yüz nəfərdən, 321 nəfərə qədər azalmışdı. ASDP-nin yox, HQA-nın üzvü olmaq istəməyənlər, ya partiyadan çıxarılır, ya da özləri partiya sıralarını tərk edirdilər. Bundan başqa, partiyanın çox böyük borcları yığılmışdı: qərargahın icarəsinə görə, qaz, elektrik enerjisi və digər kommunal xidmətlərə görə və ən çox da – beynəlxalq telefon danışıqlarına görə. Partiyanın telefon nömrələri “İstiqlal” qəzetinin adına təkrar qeydiyyatdan keçirilmişdi və bu borclar, o vaxtkı Azərbaycan manatı ilə, 53 milyon həcmində idi və təbii ki, telefon nömrələri kəsilmişdi. HQA-nın qrantlar üzrə xaricdən aldığı pul vəsaitlərinin bölüşdürülməsi üzündən daim qalmaqallar baş verirdi... nəticədə bir çoxları özünün fərdi Qeyri-Hökumət Təşkilatını yaratdı. Vaxtilə şəxsi pulumla aldığım kompüterlər köhnəlmiş adı ilə satılmış, əvəzində on kompüter yerinə üçü alınmış və HQA-nın balansına oturdulmuşdu. Partiya daxilində belə vəziyyət ölkənin, necə deyərlər, milli-demokratlarına ASDP-yə qarşı təbliğat aparmağa bəhanə verirdi ki, partiya üzvlərinin rəhbərlik etdikləri çox sayda QHT vasitəsilə, guya, ASDP xaricdən maliyyələşir, hərçənd həmin QHT-lərdən partiyaya bir qəpik də daxil olmurdu. Bütün bunları ayırd etmək və “Avgiyev tövlələri”ni təmizləmək lazım idi. Mən, QHT-lərə rəhbərlik edən partiya üzvlərini yığdım və ASDP üzərində çirkab olmasın deyə, onların seçim etməli olacaqlarını bildirdim: ya QHT, ya da partiyada üzvlük. Təbii ki, hamı, HQA-nın sədri istisna olmaqla, öz QHT-ni seçdi, Arzu Abdullayeva isə partiyadan olduğu kimi, HQA-nın rəhbərliyindən də getməkdən imtina etdi. Və partiya daxilində intriqalara başladı. Partiyanın digər həmsədri Zərdüşt Əlizadə, ilk növbədə partiyanın digər veteranlarının da (beş nəfərin) partiyanın rəhbərliyində qalması tələbini irəli süərək, Arzu Abdullayevamnın müdafiəsinə qalxdı. Hər şey onunla başa çatdı ki, Arzu Abdullayeva təfriqəçilik fəaliyyətinə görə ASDP sıralarından xaric edildi, Zərdüşt Əlizadə isə iki ildən sonra özü, tərəfdarları ilə birlikdə, partiyadan çıxdı. Düzünə qalsa, onun tərəfdarlarının sayının çox ola biləcəyindən ehtiyat edirdim, lakin cəmi 47 nəfər getdi, onlar da Abdullayevlər, Tahirovlar və Barxalovlar soyadlı üzvlər idi. Bundan sonra, bu müddət ərzində ASDP-dən xaric olunanların hamısı, əksəriyyəti də partiyanın veterenları, partiyanın sıralarına qayıtdı və ən maraqlısı da odur ki, onlar heç partiyadan qovulduqlarını da bilmirmişlər.

Və budur, Arzu Abdullayevanın bu tərəfdarları, onun müdafiəçisi Zərdüşt Əlizadə, ASDP-də partiyadaxili demokratiyanın olmadığı, partiyada hakimiyyətin uzurpasiya edildiyi, ASDP-nin qurultaylarının keçirilmədiyi (halbuki, 1999-cu ildən 2003-cü ilədək mərhələdə partiyanın beş qurultayı keçirilmişdi), respublika mətbuatında ASDP haqqında yazılmadığı və danışılmadığı və s. və i.a., ən gülməlisi də – mənim, hansı isə dinin və yaxud dini cərəyanın ardıcılı olmadığını, İslam dinini öz xalqının tarixinin və mədəniyyətinin elementi kimi qəbul etdiyini televiziya vasitəsilə bildirən yeganə siyasətçinin, radikal islamın tərəfdarı olduğum haqqında bütün instansiyalara yazmağa başladılar. Eyni mövzuda təmsilləri onlar bütün xaricilərə, o cümlədən də Azərbaycandakı xarici səfirliklərə hekayət edirdilər.

Və budur, 2011-ci ildə Sosialist İnternasionalının “MDB, Qara dəniz və Cənubi Qafqaz ölkələri üzrə” Komitəsinin Alma-Atıda keçirilən iclasında “Ərəb baharı” məsələsi ümumiyyətlə və məxsusən, Liviya məsələsi müzakirə olunurdu. Çıxışımda qeyd elədim ki, ərəb Şərqində baş verən hadisələrin demokratiyaya heç bir aidiyyəti yoxdur, bu sırf şəkildə, ABŞ, Səudiyyə Ərəbistanı, Qətər və NATO üzv-ölkələri tərəfindən maliyyələşdirilən, necə deyərlər, “inqilabdır” və məqsəd ərəb ölkələrinin bəzən, çox nadir hallarda nədə isə etiraz edib, öz fikrini söyləyə biləcək nüfuzlu liderlərini devirməkdir. Və əlavə etdim ki, bu dəyişikliklərdən sonra ərəb Şərqində xaos hökmran olacaq, Liviyaya gəlincə isə, bu ölkənin NATO üzv-ölkələri tərəfindən bombardman edilmsi, BMT Təhlükəsizlik Şurasının suveren dövlətin hava ərazisində uçuşsuz məkan yaradılması haqqında qətnaməsinin kobud şəkildə pozulmasıdır. Nüfuzlu liderlər haqqında danışanda, nümunə kimi, qazax xalqının öz keçmiş lideri, Sov.İKP Siyasi Bürosunun üzvü, akademik (həqiqi), Qazaxıstan Kommunist Partiyasının Birinci Kaatibi, öz xalqının mədəniyyətinin və elminin inkişafına çox böyük töhfə vermiş, üç dəfə Sosialist Əməyi Qəhrəmanı, Dinməhəmməd Əhmədoviç Kunayevi xatırlatdım, göstərdim ki, hazırkı Komitəmizin keçirildiyi bina, D.Ə.Kunayevin şərəfinə adlandırılan parkın qarşısında yerləşir. Necə olmuşdusa, şəhərdə gözümə elektrikyarımstansiyasının divarında yazılan bu şüar dəymişdi: “Sarkozi = SS!” və çıxışımda vurğulamışdım ki, əgər boya ballonundan istifadə etməyi bacarsaydım, mütləq bunun altında imzamı qoyardım. Almaniya sosial-demokratlarının nümayəndəsi, Bundestaqın keçmiş deputatı  cənab Rol mənə irad tutaraq bildirmişdi ki, Sarkozi ilə eyni ideologiyanı bölüşməsə də, hər halda, əgər kimi isə xalq seçibsə, onun haqqında belə danışmaq olmaz. Buna etiraz etdim ki, 1933-cü ildə alman xalqı Adolf Hitlerə səs vermişdi... Cənab Rol mumladı və bircə söz də demədi, ancaq Almaniyaya qayıdıb, məruzə etdi ki, Azərbaycan sosial-demokratı Araz Əlizadənin Almaniya sosial-demokratına etiraz etmyə cürəti çatıb, özü də hələ alman xalqının keçmişini xatırlayıb. Almanlar fransızlarla əlaqəyə girdilər, bu məsələni Sosialist İnternasionalının Etika üzrə Komitəsinə çıxardılar və üç dəqiqə ərzində bizim partiyanın Sosialist İnternasionalında fəaliyyətinin dayandırılması haqqında qərar qəbul etdilər. İclasa cəmi üç dəqiqə gecikən Sosialist İnternasionalının Baş Katibi cənab Lyis Ayala qeyd etdi ki, göstərilən səbəblər yalandır, Sosialist İnternasionalının “MDB, Qara dəniz və Cənubi Qafqaz ölkələri üzrə” Komitəsi 2010-cu ildə Bakıda iclas keçirmişdir və belə bir partiyanın mövcud olduğuna hamı əmin olmuşdu, ASDP-nin ünvanına edilən ittihamlar siyahısında – guya, qurultaylar keçirilmir, partya mövcud deyil, onun haqqında mətbuatda heç nə yazılmır, onlar parlamentdə təmsil olunmurlar və Sosialist İnternasionalına üzvlük haqlarının ödənməsində ləngimələr var – gerçəkliyə uyğun olanı yalnız, onların parlamentdə təmsil olunmamaları və üzvlük haqlarını gecikdirmələridir, məsələ isə ondadır ki, belə partiyalar Sosialist İnternasionalında lap çoxdur. Buna baxmayaraq, Etika üzrə Komitənin qərarını yalnız, Etika üzrə Komitənin özü ləğv edə bilər və üç il idi gərgin mübarizə gedirdi. Sosialist İnternasionalının 2012-ci il Keyptaun Konqresində yeni Etika üzrə Komitə seçildi və Meksikada keçirilən ilk iclasında bizim qanuni hüquqlarımızı bərpa etdi.  Almaniya sosial-demokratları isə 2012-ci ildən Sosialist İnternasionalında eynilə, Arzu Abdullayeva ASDP-də nə ilə məşğul olurdusa, onunla məşğul olurlar. Həqiqətən də, dostunun kim olduğunu göstər və deyim sən kimsən!

Məncə, haqlıyam.

Video və fotolar