Mənim fikrimcə (31)

Məncə, biz vəhşiləşirik. Çünki əsas olanı itiririk – insaniyyəti. Ömrünün ən çiçəklənən dövründə bir kişi, bizim məsləkdaşımız, ASDP Mərkəzi Komitəsinin keçmiş üzvü, ASDP Mərkəzi Nəzarət Komissiyasının fəaliyyətdə olan üzvü, Seyfulla Əliəsgərov həyatla vidalaşmışdır.

Yaxınlarının – anasının, qardaşının, bacısının xəyanətinə dözməyib getdi həyatdan. Mənə inanın ki, belə yaxın adamlar sənə xəyanət edəndə, yaşımaq, həqiqətən də, çox ağır olur – mən də, demək olar bu cür xəyanəti yaşamışam. Lakin mənim böyük bacım dayağım və bir neçə sadiq dostum var idi 

Seyfulla bu dünyadan getdi, həyat yoldaşını və iki qız övladını qoydu. Həyat isə davam edir... Bizim partiya kiçik olsa da, həmrəy və yekdildir – kömək edərik, özlərini tərk olunmuş hesab etməyə qoymarıq. Sən isə, Seyfulla, behiştlik olasan, Allah rəhmət eləsin.

 

Məncə, faşizm bütün dünyada iri addımlayır. Amerika Birləşmiş Ştatlarında – amerikan faşizmi, Böyük Britaniyada – britaniyalı, Almaniyada – alman, Fransada – fransız, Rusiyada – rusiyalı, Ukraynada – ukraynalı, ərəb Şərqində – islam faşizmi və s. və i.a. Görün ABŞ-da, kiçik şəhərdə, Fergüssonda nələr baş verir. Dünyanın ən qüdrətli ölkəsində, prezidenti afro-amerikalı olan dövlətdə, afro-amerikalı vətəndaşların hüquqları tapdanır və izah edirlər ki, bu – qayda-qanun naminədir. Supermarketdən nə isə oğurlayan həmin o pəzəvəngə heç kim haqq qazandırmır. Bəli, o, bütün qanunlara uyğun olaraq, cəzaya – cərimədən tutmuş, qısa müddətə həbs olunmağa da layiq idi. Bircə, ölümə yox! Bəs, bütün dünyaya necə yaşamağı öyrətmək vəzifəsini üzərinə götürən ölkənin polis əməkdaşlarında bu qədər qəddarlıq haradandır? Cavab aydındır. Həmin bu polislər onilliklərdir dünya nizamını məhv edir, onların ölkəsi özü özünə, dünyanın istənilən ölkəsində müharibə aparmaq və hər kəsi öldürmək hüququnu vermişdir, hətta dövlət başçılarını da – İraqda Səddam Hüseyni, Liviyada Müəmmar Qəzzafini məhv etdiyi kimi (Liviyanın mərhum başçısı, uzun illər adlandırdıqları kimi, Qəddafi yox, məhz – Qəzzafi idi). Dünyanın bir çox ölkəsini dağıdan ABŞ və onun müttəfiqləri elə bir xaos yaradıblar ki, bütün bunlarla indi nə etmək lazım olduğunu heç özləri də bilmirlər. Axı “sivil” qərb dünyası öz məqsədləri naminə İraqda, Liviyada, Suriyada islam dünyasının ən əxlaqsız, miskin tör-töküntüləri ilə ünsiyyət saxlayır, öpüşür və görüşürdü, onları məmnuniyyətlə maliyyələşdirir, silahlandırır və onların qərb nümunəli demokratiya naminə “qələbələrinə” sevinir və alqışlayırdı. Gerçəklikdə isə həmin qərb demokratiyası milyonlarla insanın bədbəxtliyinə çevrilmiş, qocaların, qadınların və ələlxüsus da, uşaqların qırılmasına gətirmiş, on milyonlarla insanı qaçqın vəziyyətinə salmışdır.

Qoca Avropa isə şərəf və ləyaqətini tamam-kamal itirmişdir. İş o yerə çatıb ki, ABŞ-ın vitse-prezidenti Co Bayden açıq-açığına deyir ki, “Avropa Rusiyaya qarşı sanksiya tətbiq etməyə hazırlaşmırdı, ona görə də Obamaya onları sıxışdırmaq və narahat vəziyyətə salmaq lazım gəldi” (Nədir, dördayaq üstə qoyulmuşdu?) Mən bilmirəm, amma Avropa liderlərinn iradəsinin zorlandığı dəqiqdir. Sanksiyalarla bağlı halda məni açan, amma təəccübləndirməyən, o idi ki, hamı gözəl bilirdi – Avropa, ələlxüsus da, onun şərq hissəsi çox böyük iqtisadi itgilərə məruz qalacaqdır. Sanksiyaların lehinə hamıdan bərk bağıran polşalılar idi və Rusiyanın qarşılıqlı sanksiyalarından da birinci məhz elə onların çığırtısı qalxdı ki, Polşa təkcə alma ixracında 500 milyon avro itirir. Əmmək üçün döş veriləcəyi, yəni maliyyə inyeksiyası almaq üçün, Avropa İttifaqına, ilk növbədə də kansler-xanım Angela Merkelə üz tutdular. Eyni vəziyyətlə də Bolqarıstan, Macarıstan, Yunanıstan və s. – adı “stan”la qurtaran ölkələr məgər birdir, ikidir – üzləşib. Bəs Avropa onlara nə verdi – heç nə, ya da, demək olar heç nə. Mağarada qış yuxusuna gedən ayı etdiyi kimi, pəncəni əmməyi məsləhət gördü. Qış isə – doğrudan da, qapını kəsib.

Məncə, Marqaret Tetçerdən sonra İngiltərə tam şəkildə Amerika Birləşmiş Ştatlarının vassalına çevrilmişdir. Əgər vaxtilə ABŞ ingilis tacından müstəqil olmaq uğrunda müharibə aparırdısa, indi Böyük Britaniyanın tərkibində olan ölkələrin, o cümlədən də İngiltərənin özünün, Amerika Birləşmiş Ştatlarından müstəqilliyə nail olmaq üçün vətəndaş müharibəsinə başlamasının vaxtı yetişmişdir. Kemeron mənə əyyaş Fedyanı xatırladır, o, canını Şurikdən qurtarmaq üçün daş karxanasına da, sement zavoduna da və ümumiyyətlə, hara göndərsələr, ora da getməyə hazır idi. Odur ki, İngiltərə ilə hər şey aydındır – qüdrətli imperiya Amerika Birləşmiş Ştatlarının qulluqçusuna çevrilmişdir.

İndi Rusiya haqqında. Putin orduda islahatlar aparmaq, hərbi təlimlər keçirmək, hərbi-cənaye kompleksinə çox böyük vəsaitlər yatırmaq, Uzaq Şərqi inkişaf etdirməklə çox güclü gediş etmişdir, amma eyni zamanda da, üzdəniraq futbol fanatlarından olan millətçi gənclər qruplarına nəvaziş göstərir. Onlar hətta VVP ilə şəxsi görüşə də layiq görülmüşdülər. Belə münasibət həmin insanabənzər kütbeyin gəncləri daha da qanadlandırıb. Və həmişə olduğu kimi, pozğunluq daha da pozğunlaşdırır. Futbol fanatları artıq öz şərtlərini futbol klublarına diktə edirlər. Ən qatı fanatlar “Spartak” və “Zenit” komandalarındadır. “Zenit”in fanatlarına görə kluba iki dəfə məğlubiyyət hesaba alınıb. “Spartak”ın fanatları matç vaxtı faşist rəmzləri ilə bannerlər qaldırırlar. Gülünc hallarsız da ötüşmür; onlar bağırırlar – “Ruslar, irəli!” Hər komandada isə on bir nəfərdən vur-tut dördü rusdur. Belə bir sürrealistik mənzərəni təsəvvür edin ki, legionerlər meydanı tərk edirlər – həmin “ruslar” onda hara gedəcəklər, axı futbolu dörd dördə oynamırlar. Faşist gənclər milli azlıqları əzişdirirlər, özü də, kişi başlanğıcı yoxdur, yalnız sürü hissi var – kütlə bir nəfərin üstünə düşür. Əgər bu bəzən, harada isə, ölümlə nəticələnirsə, onları həbs edirlər, məhkəmələri keçirilir və gülməli qədər az məhbusluq müddəti cəzası verirlər. Məni Rusiya futbol klublarının rəhbərlərinin münasibəti heyran edir, onlar bildirirlər ki, vandal-fanatları, faşist-fanatları belə hərəkətlərinə görə həbs etməyə hüquq-mühafizə orqanlarının qanuni əsası yoxdur. Demə, futbol xuliqanlarını həbs etməyə hüquq verən xüsusi qanun lazımdır. Məncə, ya mən dəli olmuşam, ya da, bu təzahürlə mübarizə aparmaq istəməyən “day-daylar”. Nədir – stadionun tribunalarına təşrif buyuran adamlar day Rusiya vətəndaşı olmurlar və biletlə birlikdə onlara toxunulmazlıq statusu da verilir? Faşist gənclərin havadarları bunun çox acı bəhrəsini yığacaqlar... Məncə, haqlıyam.

 

Bu günlük isə – kifayətdir. Yerdə qalanlar haqqında üzümüzə gələn həftə söhbət edərik.

Video və fotolar