Mənim fikrimcə (33)

Məncə, məncə nədir axı, tamamilə dəqiq – 2014-cü il gedir, 2015-ci il gəlir. Ancaq məndə elə hiss var ki, gedən – 2014 yox, 1914-cü, Birinci Dünya müharibəsinin başlandığı il, gələn isə, yenə də 2015 yox, 1915-ci – qanın su yerinə axacağı, dövlətlərin dağılacağı, bütün beynəlxalq müqavilələrin və hüququn tapdanacağı ildir və Allah eləsin ki, bütün bunlar nüvə qarşıdurması ilə başa çatmasın. Axı necə oldu ki, XXI əsrin əvvəllərində bütün dünya XX əsrin əvvəllərinə qayıtdı? Mücrü çox sadə açılır. Amerika Birləşmiş Ştatları bir dəfə beynəlxalq hüquqa məhəl qoymadan, Birləşmiş Millətlər Təşkilatının sanksiyası olmadan, yəni beynəlxalq hüququ və bütün dünya nizamını pozaraq İraqa, suveren dövlətə soxuldu, işğal və dövlət çevrilişi həyata keçirdi və dünyaya nümayiş etdirdi – görün mən nə qədər qüdrətlyəm. Bütün Helsinki müqavilələrinə, Birləşmiş Millətlər Təşkilatına və s. və i.a. tüpürmək belə istəmirəm. Araz aşığımdandır, Kür topuğumdan, dünyanı necə istəsəm, o cür də fırladacağam. Obama sırtıq-sırtıq bəyan edir ki, Amerika Birləşmiş Ştatları yeganə fövqəldövlətdir və hansı isə hərəkəti etmək üçün ABŞ-a kimin isə razılığı gərək deyil. Və hər şey kəllə-mayallaq getdi. Dünyada bir qanun hökmran oldu – kim güclüdürsə, haqlı da odur.

Düşünməyin ki, hər şey bundan başlanmışdı. Dünya hazırkı halına doğru tədricən dığırlanırdı, ancaq hər halda hansı isə bir nizam mövcud idi və bu nizamı, bütün xalqlara Qərb nümunəsi üzrə demokratiya, insan hüquqları və digər barədə əxlaq dərsi keçən Amerika Birləşmiş Ştatları pozmuşdur. ABŞ, eləcə də Avropanın timsalında onun müttəfiqlərinin, üzr istəyirəm, vassallarının ən sevimli saqqızı – azad toplaşmaq hüququdur. Məsələn, qərbin dermokratik fondları tərəfindən haqqı əvvəlcədən ödənmiş bir neçə gicbəsər Azərbaycanda (bura ürəyinizdən keçən başqa istənilən ölkənin adını yaza bilərsiniz, bircə NATO-nun üzv-dövlətlərindən savayı) küçəyə tökülüşür. Onları dağılışmağa məcbur edirlər. ABŞ elə qiyyə çəkir ki, sanki Azadlıq heykəli zorlanıbdır; Böyük Britaniya özünü elə aparır ki, sanki eyni şey kraliçanın başına gəlib; Avropa ölkələri isə elə ulaşma qaldırırlar ki, sanki Angela Merkelin şərəfinə qəsd olunub, Fransua Olandın isə əlindən çoxrənglilərin prezidenti olmaq hüququ alınıb...

İndi isə görün, Amerika Birləşmiş Ştatları nə edir – nümayişlərə çıxan insanları təkcə döymürlər, onları gülləbaran edirlər. Orada küçələrə çıxanlar isə, bir tikə yağlı çörək üçün doğma anasını da satmağa hazır olan haqqı əvvəlcədən ödənmiş bir neçə gicbəsər yox, dərisinin rəngindən asılı olmayaraq minlərlə və minlərlə ABŞ vətəndaşıdır. Onların arasında dərisinin rəngi ABŞ prezidenti Barak Obamanın dərisinin rəngində olan insanlar üstünlük təşkil edir. Amerikanın qaradərili əhalisinin bütün hüquqularının olması və hətta ABŞ-ın prezidenti ola bilməsi uğrunda 1960-cı illərdə mübarizə aparan Martin Lüter Kinq, yəqin ki, qəbrində çevrilir. Barak Obamanın Afrikanın böyük oğlu Nelson Mandelanın dəfni mərasimində nə üçün güldüyü və zarafatlaşdığı indi aydın olur. Çox güman, qəlbində düşünürmüş – axmaq idi qoca. Mənim kimilərin hüququnu müdafiə etmək üçün müxtəlif konsentrasiya düşərgələrində və həbsxanalarda ömrünü çürüdüb. Görün mitinq edən nümayişçilərin və yaxud piketçilərin başına Avropada nə iş açırlar. Yenə də qəddar zorakılıq, göz yaşardıcı qaz, rezin güllələr... Hörmətli oxucu, mənim bu cür rəftara haqq qazandırdığımı düşünmə, mən, sadəcə olaraq, hesab edirəm ki, hər bir vətəndaş qanuna hörmət etməlidir, o öz rəyini, fikrini, əlbəttə, ifadə edə bilər, amma qayda-qanun çərçivəsində və öz həmvətənlərinin hüququna xələl gətirmədən. İşdir, hər kəs ağlından keçən yerdə mitinq edərsə, onda ölkədə hərc-mərclik hökm sürərdi. Ona görə də, qanuni hakimiyyət qanuni tədbirlər görməlidir ki, ölkədə, məsələn, Ukraynadakı kimi xaos olmasın. Hər cür radikal binanızın girişində sizə öz ifrazatlarını qoyub getməsin. Və ümumiyyətlə, qoy ABŞ öz gözündəki tirə baxsın, başqasının gözündə qıl axtarmasın. Əfsus ki, bu belə deyildir. O burnunu hara gəldi soxur, öz nizamnaməsi ilə başqasının monastırına və məscidinə, buddist məbədinə və senaqoqa dürtüşür, bununla da bəşəriyyəti uçurumun kənarına çəkib aparır.

Məncə, üçüncü dünya müharibəsi artıq gedir – bunu istəsələr də, istəməsələr də, çox sayda insan taleyini, eləcə də sümüyünü üyüdəcək bu faciəvi hadisələrin dəyirmanı.

Bax belə bədbin ruhda.

Ancaq məncə, haqlıyam.

Necə deyərlər, bədbin – yaxşı informasiyaya malik olan nikbindir. Və mən bizim hamımıza yeni ildə arzu edirəm ki, Allah eləsin bütün bunlar baş verməsin.

 

P.S. Dekabr ayının 12-13-də Cenevrədə, BMT-nin binasında Sosialist İnternasionalının konsultativ konfransı keçirilirdi. Mövzu çox aktual idi – terrorizm. Konfransda Sosialist İnternasionalına daxil olan 165 üzv-partiyadan 160 partiya iştirak edirdi. Azərbaycan Sosial Demokrat partiyasından mənimlə yanaşı, partiyamızdan beynəlxalq katibi Səməd Əlizadə də iştirak edirdi. Bəziləri car çəkməyə tələsdi ki, o mənim xəlfimdir – axı Səməd mənim oğlumdur. Hamını sakitləşdirmək istəyirəm. Azərbaycan Sosial Demokrat partiyasının üzvləri mənə nə qədər etibar edəcəklərsə, o vaxtadək də partiyaya rəhbərliyi davam etdirmək üçün mən özümdə kifayət qədər qüvvə və sağlamlıq hiss edirəm. İkincisi, Səməd çox sevdiyi peşə üzrə işləyir və seçdiyi peşə sahəsində uğur qazanmağa çalışır.

Bir də demək istəyərdim. Öz bilavasitə işinə xələl gətirmədən mənə və partiyamıza imkanı daxilində kömək edən oğlumla fəxr edirəm və bundan da çox onunla fəxr edirəm ki, Səməd bizim partiyamızda bu dərəcədə fəal yeganə gənc deyildir. Bir də onu qeyd edərdim ki, oğulların öz atalarının yolunu davam etdirməsində qəbahətli heç nə görmürəm, Ələlxüsus da, onlar bunun üçün iradəyə və lazımi keyfiyyətlərə malikdirlərsə. Bütün dünyanın solçu qüvvələrinin həmin nüfuzlu toplantısında Səməd Əlizadə layiqincə çıxış etdi, Daşnak partiyasından onun opponenti Sosialist İnternasionalının vitse-prezidenti, Daşnaksütün partiyasına praktiki olaraq rəhbrlik edən şəxs – Mario Nalbandyan idi. Odur ki, sağçı partiyaların liderlərinin övladlarından fərqli olaraq, Səməd Cenevrəyə kiminlə isə fotoşəkil çəkdirmək üçün yox, yüksək kürsüdən həqiqəti səsləndirməklə öz doğma vətəni – Azərbaycanın haqq işini müdafiə etmək üçün getmişdi.

 

Onun nitqinin tam mətnini diqqətinizə təqdim edirik. 

Əziz qardaşlar və bacılar, qarşınızda çıxış etmək üçün mənə söz verildiyini görə Sizə çox minnətdaram. Çünki terror mövzusu mənim üçün bütün həyatım boyunca aktual olmuşdur, mən 1988-ci ildə, mənim xalqıma və dövlətimə qarşı terror başlandığı ildə doğulmuşam. Və həmin terror və ədalətsizlik bu günə qədər də davam edir. Terrorçuların adını bilmək Sizin üçün maraqlıdırsa, mən onları Sizə göstərə bilərəm, bu – bizimlə qonşu olan ölkə, Ermənistan, eləcə də onun arxasında duran və onu müdafiə edən Rusiyadır. Kiçik, iqtisadi cəhətdən zəif, əhalisinin sayına görə də Azərbaycandan geri qalan Ermənistan, təbii ki, özünü bu dərəcədə həyasızcasına aparmaz və bütün beynəlxalq qanunları, eləcə də insani qaydaları pozmazdı, əgər onun arxasında çox qüdrətli Rusiya dayanmasaydı.

Lakin bu terror 1988-ci ildə deyil, ötən əsrin əvvəllərində, 1905-ci ildə, hələ Rusiya imperiyası dövründə başlanmışdı, bu terror 1918-ci ildə müstəqil ADR-ə qarşı davam etdirilmişdi. Bizi, azərbaycanlıları həmişə qırıblar, alçaldıblar, deportasiya ediblər və ermənilərin əzabkeş xalq olduğu bəhanəsi ilə susmağa məcbur ediblər. Tutaq ki, emənilər əzabkeş xalqdır və onlara yardım etmək lazımdır, bəs bizim buna nə aidiyyətimiz var axı? Azərbaycanlıların və Azərbaycanın buna nə dəxli var? Mən vurğulamaq istəyirəm ki,  Rusiyanın köməyi ilə bu günə Azərbaycanın 20 faiz ərazisi işğal olumuşdur, bizim 20 min nəfərdən çox həmvətənimiz qətlə yetirlmişdir, 50 min nəfərdən çox şikəst olmuşdur, 10 rayonumuz talan edilmiş, 900 yaşayış məntəqəsi dağıdılmış, 40 mindən çox tarixi və mədəniyyət abidəsi məhv edilmiş, bir milyon nəfərdən çox azərbaycanlı qaçqın olmuşdur. Bundan başqa da, münaqişə başlanmazdan əvvəl bizə qarşı 30-a yaxın terrror aktı törədilmişdir. Haqqında danışdığım terror aktlarının qurbanı 280 nəfərdən çox insan olmuş və 300 nəfərə yaxın insan yaralanmışdır. Bu aktların qurbanı uşaqlar da olmuşdur. Sumqayıt hadisələri haqqında danışmaq fürsətini ermənilər heç vaxt əldən buraxmırlar, amma onlar həmişə deməyi yaddan çıxarırlar ki, Sumqayıt hadisələrinin başında cinayətkar residivist Qriqoryan dayanmışdı və onun bandası erməni millətindən olan şəxslərdən təşkil olunmuşdu, Sumqayıtda erməniləri qarət edən və zorlayan məhz onlar idilər, bütün bunların da arxasında KQB dayanmışdı.

Ancaq bu gün mən, teror, zorakılıq və müharibələr olmayan dünyada yaşamaq istəyən cavan insan kimi danışmaq istəyirəm. Bu zalda, dünyada baş verən hadisələrə təsir göstərə bilən insanlar əyləşmişdir, mən onlara müraciət edir və deyirəm: gəlin öz qarşımızda açıq olaq və etiraf edək ki, bəşəriyyətin XXI əsrin başlanğıcında XX əsrin birinci yarısına qayıtmasına görə bizim hər birimiz məsuliyyət daşıyırıq. Beynəlxalq hüquq saya alınmır, hər yerdə müharibə, dilənçi həyatı hökm sürür və bunların hamısını edən dünyanın güclüləri, ABŞ və onun müttəfiqləridir, özü də çox əlamətdadır ki, qlobal müharibəyə və hətta yer kürəsinin məhvinə gətirə biləcək bu ədalətsizlkdə və avantürada ABŞ-ın Avropadakı müttəfiqlərinin heç də hamısı iştirak etmək istəmir. ABŞ-ın vitse-prezidenti Co Baydenin Rusiyaya qarşı tətbiq olunan sanksiyalarla əlaqədar dediklərini xatırlayın, o demişdi ki, heç də Avropa ölkələrinin hamısı bunda iştirak etmək istəmirdi, prezident Obama onları çıxılmaz vəziyyətə saldı və onlar razılaşdılar. ABŞ prezidentinin Almaniyanın kanslerini, Fransanın prezidentini və digərlərini “çıxılmaz vəziyyətə sala” bilməsi nə demək ola bilər axı? Yəni doğrudanmı, bu qüdrətli dövlətlərin başçıları ABŞ prezidentindən asılıdırlar və onların ilk növbədə öz xalqları, öz iqtisadiyyatları haqqında düşünməməsi mənim üçün çox qəribədir. Azərbaycanın işğal olunmuş torpaqlarının qeyd-şərtsiz azad edilməsi haqqında BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamənin olduğuna baxamayaraq, aqressora qarşı iqtisadi, siyasi, hərbi sanksiyalar tətbiq edilmir. BMT Təhlükəsizlik Şurasının heç bir qətnaməsi yoxdur, amma belə sanksiyalar Rusiyaya qarşı tətbiq olunur. Rusiyanın Qarabağ məsələsi ilə bağlı rolu nəzərə alınaraq, mənim Rusiya dövlətinə simpatiyam yoxdur – Rusiyanın Qarabağ ərazisindəki, heyəti ermənilərdən təşkil olunmuş 366-cı alayı 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə cəmi bir neçə saat ərzində Xocalı şəhərində azərbaycanlılara qarşı soyqırım həyata keçirmiş, 613 nəfər dinc sakin, o cümlədən 106 nəfər qadın və 83 uşaq qətlə yetirilmişdir. Qətlə yetirilənlərin 56 nəfəri xüsusi qəddarlıqla öldürülmüş, 8 ailə tamamilə məhv edilmişdir. ABŞ-ın maraqlarına aidiyyəti olanda bütün dünya nə üçün ayağa qalxır, Azərbaycanın hüquqları pozulanda isə bütün dünya nəyə görə susur? ABŞ və onun NATO üzrə müttəfiqləri Ukraynanın indiki hakimiyyətini ölkənin cənub-şərqində müharibə aparması üçün silahlandırır və bunu stimullaşdırırlar. Amerikalı, fransız, ingilis, rus, eləcə də digər diplomatlar Azərbaycana barmaq silkələyir və Azərbaycanın öz problemini dinc yolla həll etməli olduğunu deyirlər, elə bil ki, BMT artıq ləğv edilmişdir və bu təşkilatın, aqressiya ilə üzləşən hər bir ölkənin öz torpaqlarını istənilən yolla, o cümlədən də hərbi yolla azad etmək hüququnun təsbit edildiyi nizamnaməsi elə bil artıq mövcud deyildir. Biz döyüşmək istəmirik, biz öldümək və ölmək istəmirik, ancaq bizi buna itələməyin, sosial-demokrat olaraq mən istənilən növ zorakılığa nifrət edirəm.

Terroru meydana çıxaran nədir? Terroru ədalətsizlik meydana çıxarır, BMT Təhlükəsizlik Şurasının qətnaməsi olduğu halda xalqa öz dövlətini yaratmağa imkan verilməyəndə, demokraiya şüarı altında səni bombardman edəndə, ədalət şüarları altında sənin üzərinə muzdlu ordaları salışdıranda terror meydana çıxır, çünki belə olanda alçaldılmış, təhqir olunmuş insan individual terrora əl atmaq məcburiyyətində qalır – bu çox pisdir, ancaq qüdrətli dövlətlərin terrorçuya çevrilməsi və ərəb dövlətlərindən muzdluları maliyyələşdirməsi, Avropa ölkələrindən tör-töküntünün də axışdığı Taliban, Əl-Qaidə kimi terrorçu təşkilatlar yaratması və bu təşkilatlar nəzarət altından çıxanda onlara qarşı hərbi əməliyyatlar keçirmək bəhanəsi ilə suveren dövlətlərin ərazisində müharibə başlaması bundan da pisdur. Özünü “İslam dövləti” adlandıran terrorçuları kimin sponsorlaşdırdığını və silahlandırdığını Siz hamınız məndən yaxşı bilirsiniz. Onlar silahlandırılaraq Liviyaya, Suriyaya, Əfqanıstana göndərilənlərdir. Və indi həmin dövlətlər elə özlərinin rəvac verdikləri və fiaskoya uğrayan terrorla mübarizəyə başlayırlar. Demokratiyanı ixrac etmək, demokratiyanı zorla yeritmək mümkün deyildir. Demokratiya yalnız əhalinin bütün təbəqələrinin beynində özünə yer edəndə gerçəkləşə bilər, ancaq insan demokratiya naminə başına bomba yağdırıldığını, məhv edildiyini, qardaş və bacılarının, vlideyn və övladlarının, ümumiyyətlə həmvətənlərinin qətlə yetirildiyini görəndə, bu cür yalançı demokratiyaya nifrət edir – zorakılıq həmişə zorakılıq doğurur. Terroru və ədlətsizliyi bütün dünyaya bərqərar edənlər, əsas etibarilə, bu təzahürlərin meydana çıxmasına rəvac verən dövlətlər və siyasətçilərdir.

Xahiş edirəm, gəlin, terrora yer olmayan yeni dünya yaratmaq naminə birləşək. Gəlin, ədalətsizliklə üzləşəndə siyasəti yaddan çıxaraq və bizdən sonra gələcək gənc nəsil haqqında düşünək. Biz bu dünyanı onlara daha təhlükəsiz miras qoymalıyıq. Harada olmasanız da, ədalətsizliyə, yalana və qəddarlığa qarşı mübariz olun! Və uzun illərdir Qarabağda törədilən ədalətsizliyi unutmayın!

Video və fotolar