Mənim fikrimcə (41)

AÇIQ MƏKTUB

 

Əlahəzrətləri

Rusiya Federasiyasının Prezidenti

V.V.Putinə

 

Möhtərəm cənab Vladimir Vladimiroviç Putin!

 

Mən xidməti fəaliyyətimlə bağlı, görkəmli siyasi xadimlərin hamısının çıxışlarını diqqətlə dinləyir, oxuyur və təhlil edirəm. Düzünü desəm, Siz hörmətlə yanaşdığım çox az siyasi xadimdən birisiniz, çünki dövlət rəhbərlərinin əksəriyyətindən fərqli olaraq, Sizin sözləriniz və fəaliyyətiniz əsas etibarilə, təəssüratlandırır və həqiqətə müvafiqdir.

Sizin 1915-ci ildə Osmanlı imperiyasında ermənilərin kütləvi qətlinin 100 illiyinə həsr olunmuş anım mərasimində çıxışınızı diqqətlə dinləmişdim. Həmin hadisələrə qiymət verərkən dövrü, şəraiti və s. və i.a. nəzərə almaq lazımdır. Şəxsən mən bu diskussiyada iştirak etməyə hazırlaşmıram, belə ki, bu sahə üzrə mütəxəssis deyiləm. Bəşər tarixi insanların kütləvi qırğını ilə bağlı çox sayda nümunə bilir və belə hadisələrə, adətən, tarixi qiymət verilir. Mərasimdə dediyiniz bu sözlər mənim çox ürəyimcə idi: “Rusiyanın mövqeyi ardıcıl olmuşdur və belə də qalır: biz həmişə hesab etmişik ki, kütləvi qətllərə heç cür haqq qazandırılmamalıdır və bunu etmək mümkün də deyil”. Tamamilə düzgün və ədalətli sözlərdir!

1915-ci ildə Osmanlı imperiyasında ermənilərin kütləvi qətli baş vermişdir – bu, faktdır. Lakin o da faktdır ki, erməni millətçi silahlı birləşmələri 1918-ci ildə gənc Azərbaycan Demokratik Respublikasının bütün ərazisində – Qubada, Lənkaranda, Qarabağda, Bakıda, Şamaxıda, Şəkidə, Naxçıvanda, Zəngəzurda azərbaycanlıların kütləvi qətlini həyata keçirmişlər. Bunu sübuta yetirən kino, foto, arxiv sənədləri mövcuddur, eləcə də insanların kütləvi şəkildə basdırıldığı yerlər aşkar olunmuşdur.

Lakin, məncə, bu faktların hamısını tarixçilər araşdırmalı və onlara qiymət verməlidirlər. Çünki üstündən bir əsr ötəndən sonra bu hadisələrə qiymət vermək çox mürəkkəbdir, axı müxtəlif ölkələrin tarixçilərinin həmişə fərdi baxışları və üstün tutduqları amillər var. Hüquqi qiymət vermək isə, praktiki olara mümkün deyil.

Vladimir Vladimiroviç, Sizin, insanların kütləvi qətlə yetirildiyi bir konkret fakta obyektiv qiymət vermək və hətta onun hüquqi təhqiqatının başlanmasına nail olmaq imkanınız vardır – mən 1992-ci il fevral ayının 26-da Xocalı şəhərində həyata keçirilmiş, bir gecə ərzində 613 nəfər azərbaycanlının – onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri qocalar idi – vəhşicəsinə qətlə yetirilməsi hadisəsini nəzərdə tuturam. Əfsuslar olsun, azərbaycanlıların kütləvi qətlini Rusiya ordusunun Xankəndi şəhərində (Stepanakert) dislokasiya olunmuş, tərkibində çox sayda erməni millətindən hərbiçinin xidmət etdiyi 366-cı alayı həyata keçirmişdir. Ermənistan Respublikasının prezidenti Serj Sarkisyan şəxsən özünün, eləcə də Ermənistanın ikinci prezidenti Robert Koçaryanın həmin qətllərdə iştirakı haqqında qürurla danışır. Mən o qədər də sadəlövh deyiləm ki, Serj Sarkisyan və Robert Koçaryanın Rusiya Federasiyasının yurisdiksiyası altında olduqlarını və cinayətlərinə görə cəza çəkəcəklərini ehtimal edim. Lakin 366-cı alayın komandirləri və zabitləri Rusiya Federasiyasının yurisdiksiyası altındadırlar, çünki bu qüdrətli dövlətin vətəndaşlarıdırlar. Və əgər hansısa səbələr üzündən onların indulgensiyası varsa və onların məhkəmə qarşısına çıxarılması mümkün deyilsə, onda Siz, Vladimir Vladimiroviç, özünüz Xocalı şəhərində azərbaycanlıların kütləvi qətlini mühakimə edə bilərsiniz və bununla, “Rusiyanın mövqeyi ardıcıl olmuşdur və belə də qalır: biz həmişə hesab etmişik ki, kütləvi qətllərə heç cür haqq qazandırılmamalıdır və bunu etmək mümkün də deyil” deyən Putinin ikili standartlarının olmadığını Sizə inanan insanlar qarşısında təsdiq etmiş olardınız.

 

Hörmətlə,

Azərbaycan Sosial Demokrat partiyasının sədri

Araz Məmməd Mübariz oğlu Əlizadə

 

 

                   P.S Məncə, haqlıyam.

Video və fotolar