Mənim fikrimcə

Məncə, xəzinə oğrularının harada, Ukraynada, yoxsa Azərbaycanda daha görməmiş, həris və əclaf olduqlarını anlamaq üçün müqayisəli təhlil aparmaq istəyəndə haqlı olmamışam. Həyat inandırıcı şəkildə sübut etdi ki, xəzinə oğruları bütün ölkələrdə eynidirlər, yəni bir bezin qırağıdırlar. Sadəcə, elə əclaflar var ki, sifətlərində təbəssüm, özü də xoşməramlı niyyətlər haqqında şüarlarla pərdələnərək oğurlayırlar və əclaflar da var – addımbaşı patriotizm haqqında şüarlar bağıra-bağıra qan tökür və xalqın sərvətini talan edirlər. Biriləri şəhərləri abadlaşdırdıqlarını deyə-deyə oğurlayır, digərləri nəsə qamarlamaq üçün həmin şəhərləri məhv edirlər. Nəticədə fağır, heç nədə günahı olmayan insanlar itirir. Bircə onu demək istəyərdim ki, şükür Allaha, bizdə şəhərləri və kəndləri gülləbaran etməklə oğurlamırlar. Bizdə guya şəhəri abadlaşdırmaq istəyirlər və yararsız tikinti materiallarını istifadə etmək yolu ilə oğurlayırlar, lakin yekun eynidir – orada da od-alov və günahsız qırılan insanlar, bizdə də. Həqiqətən də – xoş niyyətlərlə döşənmişdir cəhənnəmə yol. Sadə insan üçün fərqi yoxdur – onu tanklarda veyillənən faşistlər öldürür, yoxsa sivil görkəmli, xarici maşınlarda gəzişən oğrular. Bizim, sadəcə olaraq, bəxtimiz gətirmişdir. Bizdə şapalaq çəkə bilən hakimiyyət var, Ukraynada isə hakimiyyət özü şapalaq yeməkdən qorxur.

Nəyə gətirirəm? Demək istəyirəm ki, şəhərdə köhnə binaları “abadlaşdırmağa” hələ təzəcə başlamışdılar, bu sintetik üzlük materialların etibarlı olduğunda bərk şübhəm olduğunu bildirirdim. Bilmirəm, həmin bu “tikinti materialının” yandığının ilk dəfə kim və nə vaxt şahidi olmuşdur. Şəxsən mən Tibb Universitetinin yeni cərrahiyyə korpusunun binası yananda görmüşdüm. Şükür Allaha ki, həmin məqamda binada tələbələr yox idi. Düzünü desəm, mənə elə gəlirdi ki, həmin yanğından sonra binaların üzlənməsi üzrə bütün işlər dayandıracaq. Axı bu, üzlənmiş hər bir binanın altına qoyulan, vaxta quraşdırılmış minalar idi. Düşünürəm ki, bu həm də ağılsızlıqla məşğul olanların sifətinə tüpürmək idi. Lakin dövlətdən bacardıqca çox oğurlamağa, xalqın sərvətini bacardıqca çox talan etməyə həris olan adamlar bunu tanrı neməti hesab etdilər. Yanmış üzlüyü sökdülər və yerinə təzəsini yapışdırdılar. Bir müddət sonra Sumqayıtda, ardınca Xətai rayonunda alovlandı və nəhayət ən dəhşətlisi – Binəqədi rayonu Azadlıq prospekti 200 ünvanda on altı mərtəbəli bina yandı. Söz düşmüşkən, bizim partiyamızın ofisinin ünvanı da Azadlıq prospekti 200-dür. Və bizim binamız da yanardı, əgər biz binanın üzlənməsi ilə razılaşmış olsaydıq. Mühafizəkar olduğumu və müasir üzlük texnologiyalarına inamımın olmamasını Allah mənə bağışladı. Çox böyük faciə baş verdi. Necə deyərlər, yatmışlar oyandı. Bütün bu fəlakəti öz gözləri ilə görən insanlar elə həmin gün sakinləri olduqları binalarda bu, “üstü bəzək, altı təzək” üzlükləri özləri qoparmağa başladı. Komissiyanın iclasında məmurların sözünü sərt şəkildə kəsən və 262 binanın hamısını ən qısa zamanda bu ölümcül üzlüklərdən təmizləmək barədə birmənalı tapşırıq verən Azərbaycanın prezidenti cənab İlham Əliyevin sayəsində yuxarılarda, nəhayət ki, hər şeyi anladılar. Zərərçəkmişlərin hamısına kompensasiyalar ödəniləcək, sosial təminatlar təqdim olunacaq, insanların dərdini yüngülləşdirmək üçün dövlət ondan asılı olan hər şeyi edir və edəcək. Hər şey düzgündür, hər şey yaxşıdır, əgər bir AMMA olmasa. Bu dəhşətli yanğından salamat çıxan sakinlər üçün dövlət tərəfindən təmir edilmiş, mebel, əşyalar, avadanlıq və məişət cihazları ilə təmin olunmuş mənzillərinə qayıtmaq, əlbəttə, stressdir. Zərərçəkmişlərin hamısını haqqında söhbət gedən faciədə günahkar olan həris biznesmenlərin və məmurların hesabına yeni mənzillərlə təmin etmək daha düzgün olardı. Axı insanlara qarşı bu cinayətlərin hamısını onlar pulun xatirinə ediblər və belə adamlar üçün ən böyük cəza talan etdiklərini əllərindən almaqdır. Həmin on altı mərtəbəli binaya isə onların özlərini, villalarını və mülk-saraylarını əllərindən alıb, ailələri ilə birlikdə yerləşdirmək lazımdır – qoy minimum beş il orada yaşasınlar. Ancaq bütün bunların olmayacağını bilirəm və ona görə də göylərə üz tutub deməkdən başqa heç nə qalmır: Allah rəhmət eləsin, Allah o dünyalarını versin – əclafların qurbanlarına.

Məncə, haqlıyam.

 

 

Video və fotolar