Partiyanın Platforması

AZƏRBAYCAN SOSİAL-DEMOKRAT PARTİYASININ MƏRAMNAMƏSİ

 Azərbaycan Respublikasının daxili həyatının bir çox sahələrində böhran hökm sürür. Lakin ən ağır böhran Azərbaycan vətəndaşlarının şüurunda və mənəviyyatında tüğyan edir. Müstəqil dövlətimizdə aparılmalı islahatların ümdə məqsədi insan böhranına qalib gəlmək olmalıdır.

Müasir dünyanın qabaqcıl və firavan ölkələrinin hamısında siyasi sistemin ən mühüm tərkib hissəsi sosal-demokratiyadır. Məhz sosial-demokratiyanın Azadlıq, Bərabərlik və Həmrəylik kimi təməl meyarları siyasətdə mənəvi dəyərlərin ali məqama yüksəlməsinə, ictimai və iqtisadi proseslərdə öz halal çörəyini əqli və fiziki zəhməti ilə qazanan insanın ön səfə çıxmasına şərait yaradıb.

Azərbaycan Respublikasının Konstitusuyasında, dövlətimizin imzaladığı beynəlxalq saziş və qanunlarda insan azadlıq və hüququları ali dəyər elan edilir. Lakin cəmiyyətimizin gerçək həyatı bunun əksini göstərir. Əsas müşkül – elan edilmiş hüquq və azadlıqların gerçəkləşdirilməsi üçün qüvvə, vəsait və yolların tapılmasıdır.

Azərbaycan xalqına indiyə qədər zorən calaşdırılmış siyasi tə’limlərin heç biri - nə kommunizm, nə millətçilik, nə də ifrat liberalizm həyatın sınağından keçməmişdir. ASDP ölkəyə özünün son məqsədi - azad və xoşbəxt xalq naminə islahatlar proqramı təqdim edib. Qaynaqlarını xalqımızın qədim siyasi məfkurəsindən götürən, insanlığa, təşəbbüskarlığa və vətənsevərliyə söykənən ümumbəşəri sosial-demokrat quruluşu sayəsində mütərəqqi və demokrat ölkələrin xalqları öz yaradıcı qüdrətlərini gerçəkləşdirə bilmişdir. ASDP Azərbaycan xalqını sınaqdan uğurla keçmiş bu təcrübədən bəhrələnməyə səsləyir.

XALQIN HÖKÜMƏTİ.

 1.1. Azərbaycanda dövlət-xalq-vətəndaş münasibətlərində üstünlük vətəndaşa verilməli, bunun üçün ölkədə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yolunda duran əngəllər aradan qaldırılmalıdır. Bütün siyasi qüvvələrin ictimai təşkilatların və milli azlıqların nümayəndələrinin iştirakı ilə Konstitusiya islahatı müzakirə edilməsi və qanunda nəzərdə tutulan tərzdə həyata keçirilməlidir.

1.2. Yeni Azərbaycan Konstitusiyasında təməl prinsiplər kimi demokratik, hüquqi və sosial dövlət quruculuğu əsas götürülməli, icraedici, qanunverici və məhkəmə hakimiyyətləri arasında bərabər və tarazlaşdırıcı bölgü gerçəkdən aparılmalıdır. Milli Məclis hökumətin fəaliyyətinə nəzarət etməli, hökumət Milli Məclisə öz fəaliyyəti haqqında hesabat verməlidir. Müstəqil məhkəmələrin maddi və texniki tə’minatı üçün zəruri olan vasitə və mexanizmlər işləməlidir.

1.3. Qanuna ehtiram cəmiyyətin və dövlətin əsas qayəsinə çevrilməlidir. Azərbaycanlıların ailə və məktəbdə tərbiyə və təhsilində, dövlət aparatının, siyasi və ictimai təşkilatların gündəlik fəaliyyətində, vətəndaşların şüurunda qanunun aliliyi ən ali me’yar kimi həkk olunmalıdır.

1.4. İnsan ləyaqətinə, hüquqlarına, bərabərlik və azadlığına qəsd istər fərd, istərsə də hökumət tərəfindən edilərsə, ən ağır cinayət sayılmalıdır. İnsana qayğı anaya və ailəyə qayğıdan başlamalı, bəşəriyyətə məhəbbətin təməlində fərdə, həyata və  dünyaya qayğısının təməlində Azərbaycan təbiətinə məhəbbət durmalı, azad və  məs’uliyyətli vətəndaş tərbiyəsini gərçəkləşdirən ümumdövlət proqramı hazırlanmalı və onun gerçəkləşməsinə nəzarət edən dövləti və ictimai mexanizmlər təşəkkül tapmalıdır.

1.5. Demokratiyanın təməli sayılan özünüidarə dövlət quruculuğunda əsas vasitə olmalıdır. Bina və məhəllə özünüidarə şuraları, qəsəbə, rayon və şəhər bələdiyyələri öz aidiyyətı çərçivəsində, o cümlədən maliyyə axınları üzərində nəzarət və sərəncam səlahiyyətlərindən maksimum istifadə etməlidirlər. Hər hansı bir inzibati ərazidən yığılan gəlirlərin yarıdan çox hissəsi hakimiyyət orqanlarının sərəncamında qalmalıdır.

1.6. Vətəndaş cəmiyyətinin əsas ünsürü olan qeyri-hökumət təşkilatlarının (QHT) təşəkkülü, qeydiyyat və fəaliyyəti üçün ən geniş imkanlar yaradılmalıdır. QHT-lər cəmiyyətin özünüidarə və tənzimləmə funksiyalarının, müəyyən hissələrini tədricən öz üzərinə götürməlidir.

1.7. İctimai nəzarətin ən vacib vasitəsi olan söz azadlığı dövlətin və cəmiyyətin şəksiz və məhdudlaşdırmayan me’yarı olmalıdır. Dövlət və ticarət sirri sayılmayan bütün mə’lumat KİV üçün açıq olmalı və ictimaiyyətə çatdırılmalıdır.

1.8. Xalqın iradəsinin azad ifadəsinə qarşı yönəldilmiş seçki saxtakarlığı ağır dövləti cinayət sayılmalı və bu cinayəti törətmiş şəxslər barəsində müvafiq cəza tədbirləri, o cümlədən onların vətəndaş hüquqlarının məhdudlaşdırılması kimi tədbirlər tətbiq edilməlidir.

 XALQIN RUSUZU.

 2.1. Dövlətin iqtisadi siyasətinin əsasında insan təşəbbüs və yaradıcılığını məhdudlaşdıran bütün maneələrin aradan götürülməsi və insanın sağlam həyatı üçün zəruri olan mühitin qorunması və yaradılması durmalıdır.

2.2. Hər bir vətəndaş qanuna və digər vətəndaşların mənafeyinə zidd olmayan istənilən fəaliyyətlə məşğul olmaq üçün heç bir qurumdan icazə istəmədən, sadəcə özünü hüquqi və fiziki şəxs kimi tanıtdırmaq məqsədilə qeydiyyatdan xəbərdarlıq etməklə keçməlidir.

2.3. Mülkiyyət forması özlüyündə məqsəd olmayaraq səmərəlilik və rəqabət qabiliyyəti ilə müəyyənləşməlidir. Dövlətin iqtisadiyyata müdaxiləsi insanın və cəmiyyətin iqtisadi azadlığına xidmət edən makroiqtisadi tənzimlənmədən və sosial müdafiə vasitələrindən istifadə ilə məhdudlaşmalıdır. Dövlət ədalətli və bərabər rəqabət şəraiti yaratmaqla yanaşı həm də əhalinin aztə’minatlı hissəsinə yardım göstərmək qabiliyyətini özündə inkişaf etdirməlidir.

2.4. Xalqın və dövlətin iqtisadi gələcəyi naminə yeridilən iqtisadi siyasətin düzgün və elmi əsaslarda aparılması məqsədilə əsas makroiqtisadi göstəricilər üzrə azı beş illik plan – proqnoz işlənməli və təsdiqlənməlidir. Bu göstəriciləri tə’min edən maliyyə, vergi və gömrük siyasətinə aid qanun və normativlər qəbul olunmalı və işə salınmalıdır.

2.5. Azərbaycan Dövlət Neft fondunun qaynaqları və istifadəsi tam şəffaf və ictimaiyyətin nəzarətində olmalıdır.

2.6. Dövlət müasir texnologiyaların ölkəyə cəlb edilməsi məqsədi ilə hər növ vergi və gömrük stimullarından istifadə etməlidir.

2.7. Kiçik sahibkarlığın inkişafı məqsədilə dövlət xarici və daxili sərmayənin cəlbi və qoyuluşu üçün əlverişli şərait yaratmalıdır.

2.8. “Kölgə iqtisadiyyatının” aşkarlanıb üzə çıxması və qanuni əsaslarda fəaliyyət göstərməsi istehsalatı boğan vergilər azaldılmalı, mə’mur reketi cilovlanmalı və milli istehsalın inkişafı üçün əlverişli şərait yaradılmalıdır.

2.9. Ölkənin iqtisadi potensialının paytaxtda təmərküzləşməsi nəticəsində paytaxtla əyalət arasında iqtisadi tarazlığın pozulmasının qarşısını almaq məqsədilə bölgələrdə istehsalın inkişafına yönəlmiş sərmayə yatırılmalı və müvafiq vergi imtiyazlarının verilməsi, azad iqtisadi zonalar yaradılması siyasəti yürüdülməlidir.

2.10. Bazar iqtisadiyyatının əsaslarına zidd olan və əmək ehtiyatlarının təkrar və genişlənmiş istehsalını tə’min etməyən əmək haqqı siyasəti dəyişdirilməli və insan tərəqqisinə yönələn, sosial tənəzzülün qarşısını alan, əhali artımını tə’min edən yüksək əmək haqqı siyasəti yürüdülməlidir.

2.11. Cüz’i işçi qüvvəsi hesabına əldə edilən xammal ixracına yönəlmiş iqtisadi siyasət dəyişdirilməli, əvəzində dövlət özünün qiymətləndirmə, rüsum, kreditlərə zəmanət verilməsi və müxtəlif güzəştlər siyasəti ilə geniş və ixtisaslı işçi qüvvəsi cəlb edən e’mal, xalq istehlakı malları və yüksək texnologiyalı sənayesini qurmalı və ixracda sənaye məhsullarının həcmini artırmalıdır. Azərbaycan öz iqtisadiyyatını, elm və təhsilini yalnız neft amili üzərində qurmamalı, bərpa edilən enerji mənbələrinə və insan zəkasının potensialından istifadəyə güvənməlidir.

2.12. Aqrar islahatda əsas məqsəd yüksək iqtisadi səmərə ilə işləyən kəndli-fermer təsərrüfatlarının yaradılması, kənd əhalisinin həyat səviyyəsinin yaxşılaşdırılması, yerli istehsal hesabına ölkənin xaricdən ərzaq asılılığının azaldılması və kənd təsərrüfatı məhsulları ixracının artırılması olmalıdır. Bu məqsədə çatmaq üçün kəndlilərə azfaizli və uzunmüddətli kreditlər verilməli, kəndlilərin əsas tələblərini ödəyən və dövlət hesabına maliyyələşdirilən aqrar xidmət şəbəkəsi yaradılmalı, kənd təsərrüfatı məhsullarının e’malı müəssisələrinin tikilməsi və işləməsi üçün güzəştli vergi sistemi tətbiq edilməli və ifrat qazanc güdən dəllal təbəqəsinin fəaliyyətini məhdudlaşdıran kəndli tədarük, nəqliyyat və alqı-satqı kooperasiyasının təşkilində dövlət yardımı göstərilməlidir.

2.13. Əhalinin işlə tə’min olunması üçün yeni iş yerlərinin yaradılması hökumətin fəaliyyətinin əsas göstəricilirindən biri olmalıdır. Dövlət müəssisələrinin və özəl şirkətlərin tam gücü ilə işləməsi üçün təhlillər aparılmalı və müvafiq iqtisadi tədbirlər görülməli, keçid dövründə “ictimai işlər”dən geniş istifadə olunmalı, yerli vətəndaşların görə biləcəyi işlərə əcnəbilərin də’vət edilməsi məhdudlaşdırılmalı, hər il ən azı əhalinin təbii artımı miqdarında yeni iş yerləri açılmalıdır.

XALQIN MƏSKƏNİ

3.1. Dövlət və cəmiyyət hər bir insanın layiqli məskən sahibi olması üçün hər cür şərait yaratmağa borcludur.

3.2. Vətəndaşların layiqli ev və ya mənzil tikmək, bunun üçün vəsait toplamaq, güzəştli faizlə ipoteka borcu götürmək, torpaq sahəsi almaq və ya icarəyə götürmək hüququ qanunla təsdiq olunmalı və dövlətin bütün hüquqi sənədləri və gündəlik fəaliyyəti bu məqsədə xidmət etməlidir. Hər bir hökumət və ya vəzifəyə seçilmiş siyasi xadim öz fəaliyyəti barədə hesabat verərkən əsas göstəricilərdən biri insanların məskənlə tə’minatı olmalıdır.

3.3. Özünə məskən qurmaq iqtidarında olmayan vətəndaşları məskənlə bələdiyyələr vasitəsilə yerli icma, yaxud dövlət tə’min etməlidir.

3.4. Azərbaycanlıların məskəni onun sağlamlığını qorumağa, cismani və mə’nəvi rahatlığını tə’min etməyə, təbiəti və milli me’marlıq ən’ənələrini qorumağa və inkişaf etdirməyə qadir olmalıdır.

3.5. Ölkədə yaşayış fondlarının insan sağlamlığın yararlığını müəyyənləşdirən keyfiyyət standartları müəyyənləşdirməli və bu fondun istifadəsinə sanitariya nəzArəti təşkil edilməlidir.

XALQIN SAĞLAMLIĞI.

4.1. Cəmiyyətin və dövlətin əsas məqsədlərindən biri insan ömrünün keyfiyyətini yaxşılaşdırmaq, mə’nən dolğunlaşdırmaq, xəstəliksiz və fiziki qüsursuz müddətini uzatmaq, onun fiziki, bioloji, sosial və psixoloji cəhətdən əlverişli şəraitdə yaşamasını tə’min etməkdir.

4.2. Ölkə ərazisi ekoloji ekspertiza əsasında təsnif edilməli, xəritələnməli və bütün ərazinin daimi monitorinqi təşkil edilməlidir. Ətraf mühitin ekoloji və insan sağlamlığının sanoloji monitorinqi vahid, müstəqil şaquli strukturu olan xüsusi dövlət orqanı tərəfindən həyata keçirilməlidir. Eyni zamanda eko-sanoloji monitorinqdə dövlətin inhisarı azaldılmalı, fiziki və hüquqi şəxslərin mənafeyinin qorunması məqsədilə bütün mülkiyyət formalarına uyğun eko-sanoloji monitorinq müəssisələrinin şəbəkəsinin təşəkkülü üçün hüquqi və maddi şərait yaradılmalıdır.

4.3. Yaşayış məntəqələrinin atmosferinin eko-sanoloji təmizliyi və onlarda nəqliyyat vasitələrindən istifadənin sanitariya normaları ilə tənzimlənməsi müvafiq hüquqi sənədlərlə bələdiyyələrin səlahiyyətinə aid edilməlidir.

4.4. Qida və geyim məhsullarının, məişət mə’mulatının milli keyfiyyət standartlarına uyğunluğu və obyektiv sertifikatlaşması cəmiyyətin və dövlətin ümdə vəzifəsi olmalıdır.

4.5. Dövlət sağlamlıqla əlaqədar problemi olan hər bir vətəndaşa müayinə, müalicə və bərpa imkanı tə’min etməyə borcludur.

4.6. Ölkənin səhiyyə sistemi dövlət, bələdiyyə və özəl tibb müəssisələri şəbəkəsindən ibarət olmalıdır. Dövlət tibb sisteminin xidmətlərindən uşaqlara, yeniyetmələrə, hamilə və zahı qadınlara, təqaüdçü və əlillərə üstünlük verilməsidir. Bütün əhali arasında yoluxucu xəstəliklərin, o cümlədən qazanılmış immun çatışmazlığının, zöhrəvi və partnyor xəstəliklərin müalicə və profilaktikası, tə’cili tə’xirəsalınmaz tibb xidmətləri, ruhi xəstəliklərin və yeni törəmələrin müalicə və profilaktikası dövlət səhiyyə sisteminin vəzifəsinə daxil olmalıdır.

4.7. Dövlət büdcəsində səhiyyə üçün ayrılmış vəsait ünvanlı olaraq ölkə vətəndaşlarının hamısının yaşı və cinsinə proporsional olmaqla bərabər şəkildə yalnız dövlət səhiyyə sisteminin maliyyələşdirilməsinə sərf edilməlidir. Əhalinin imtiyazlardan istifadə hüququ olan təbəqəsi üçün tibb xidmətinin xərcləri əlavə olaraq müvafiq fondlardan, o cümlədən məcburi sığorta fondlarından ödənməlidir. Dövlət səhiyyə sistemi kommersiya ilə məşğul olmamalı və əhaliyə yalnız pulsuz tibbi xidmət göstərməlidir.

4.8. Dövlət büdcəsi hesabına maliyyələşdirilməsi mümkün olmayan tibb müəssisələri özəlləşdirilməlidir.

4.9. Özəl tibb müəssisələrinin təşkili, lisenziyası və sertifikat alması bürokratik özbaşınalıqdan azad edilməlidir.

4.10. Əhaliyə keyfiyyət standartlarına uyğyn sertifikatı olan tibbi xidmətin göstərilməsi tə’min olunmalıdır. Tibb xidmətləri bazarında inhisarlaşmaya qarşı qanuni əks tədbirlər mexanizmi işləməlidir.

4.11. İlkin tibb-sanitariya xidmətləri sahəsində üstünlük fərdi əmək fəaliyyəti göstərən tibb işçilərinə (ailə həkimlərinə və şəfqət bacılarına) və kiçik tibb müəssisələrinə verilməli, ixtisaslı tibb xidmətlərinin mərkəzləşdirərək iri tibb müəssisələrinin təşəkkülünə imkan yaradılmalıdır.

4.12. Səhiyyənin idarə olunmasında şaquli və üfqi idarəetmə mexanizmləri arasında səlahiyyət, məs’uliyyət və vəzifələrin optimal bölgüsü prinsipinə riayət olunmalıdır.

SAĞLAM XALQ ÜÇÜN SAĞLAM MÜHİT 

5.1. Mühiti çirkləndirən istehsalat yeni təmiz texnologiyalar ilə əvəzlənməlidir.

5.2. Ərzaq istehsalında kimyəvi kübrə və dərmanlardan tədricən aqrotexnika və bioloji üsullar keçilməlidir.

5.3. Təbiətə ən az ziyan vuran yanacaq növlərinə keçməklə yanaşı ictimai nəqliyyatı inkişaf etdirmə zəruridir.

5.4. Mühitin səslə çirklənməsinə qarşı əməli tədbirlər görülməlidir.

5.5. Su mənbə və hövzələrinin çirkab, kübrə və dərmanlarla zəhərlənməsinə qarşı tədbirlər görülməlidir.

5.6. Nüvə və elektromanqit şüalanmanın yuxarı hədləri aşmasına qarşı tədbirlər görülməlidir.

5.7. İnsan tə’sirinə mə’ruz qalmamış və ya az qalmış ərazinin müdafiəsi məqsədilə qoruqlar, parklar, landşaft abidələri şəbəkəsi genişləndirilməlidir.

5.8. Gəmiçilik, balıqçılıq və neftçıxarma nəticəsində Xəzər dənizinin çirklənməsinə qarşı tədbirlər sərtləşdirilməlidir.

5.9. Qanunun gücü ilə qapalı halqavari istehsalata söykənən, tullantısız işləyən müəssisələr, xammal qənaət edən yeni texnologiyalara üstünlük verilməli, istehlak və istehsalı qapalı mərhələyə çatdırmağa yönələn tədqiqat və yenidənqurmaya sərmayə yönəldilməlidir.

5.10. Ətraf mühitin mühafizəsi və bərpası ilə bağlı beynəlxalq müqavilələrin işlənməsi və gerçəklənməsi sahəsində Azərbaycanın fəallığı gücləndirilməlidir.

5.11. Tullantıları təkrar e’mal edən müəssisələrə yardım göstərilməlidir.

5.12. Torpağın şoranlaşması və neft məhsulları ilə çirklənməsinə qarşı proqram hazırlanmalı və həyata keçirilməlidir.

5.13. Hidromeliorasiya qurğuları bərpa edilməli və yeniləri tikilməlidir.

5.14. Əhalinin optimal məskunlaşması üçün sənaye ocaqlarından kənarda əraziyə üstünlük verilməlidir.

5.15. İqtisadi layihələrin şəffaf ekoloji ekspertizası qanuniləşməlidir.

CƏMİYYƏTİN VƏ DÖVLƏTİN İNSANA QAYĞISI. 

6.1. Qanunla həmkarlar ittifaqları və dövlət bərabər əsaslarda əməkçinin sağlamlığını pozmayan, maddi və mə’nəvi tələbatını ödəyən minimum yaşayış həddini müəyyənləşdirməli və bunu rübdə bir dəfə dəqiqləşdirməlidir. Əmək haqqının, tariflərin və pensiyaların hesablanması zamanı bu minimumdan aşağı məbləğ qeyri-qanuni hesab edilməlidir, bunu ödəyə bilməyənlər müflis e’lan edilməlidir. Əmək münasibətləri həmkarlar ittifaqları ilə sahibkar (dövlət və özəl) arasında bağlanan kollektiv müqavilələr ilə tənzimlənməlidir. Dövlət işçilərin sağlamlığını pozmayan, maddi və mə’nəvi tələbatını ödəyən minimum yaşayış həddi əsasında əmək haqqı, tariflər, iş vaxtından əlavə əməyin haqqının ödənişi, sosial tə’minatların həcmi və maliyyə qaynaqları, mə’zuniyyət müddəti və pensiyaların hesablanması qaydasını müəyyənləşdirən bu mühüm sənədin hüquqi müdafiəçisi olmalıdır.

6.2. Pensiya dövlət sığorta fonduna məcburi ödənişlərin zəruri həddi müəyyənləşdirilməli, pensiya ilə əməyin nəticəsi arasında uyğunluq yaratmaq məqsədilə əlavə dövlət və ya özəl pensiya fondlarının təşkilinə şərait yaradılmalıdır.

6.3. Sahibkar rolunda çıxış edən istər dövlət, istər özəl fiziki və hüquqi şəxslər əməyin mühafizəsi və işçilərin sağlamlığının sığortası üçün qanunla məs’uliyyət daşımalıdır.

6.4. Mövcud total israfçı və ədalətsiz güzəştlər sistemi ləğv edilməli, əvəzində dövlət ehtiyacı olanlara hər ailə üzvünün minimum yaşayış həddini tə’min edən ünvanlı ödəmələr verməlidir.

6.5. İşçilərinə minimum yaşayış həddi səviyyəsində və ondan yüksək maaş ödəyə bilməyən müəssisələr müflis e’lan edilməlidir.

6.6. Azərbaycan iqtisadiyyatının səmərəli inkişafı naminə ictimai gəlirin əhali arasında daha ədalətli bölünməsi, əhali qrupları arasında gəlir fərqlərinin ifrat həddə çatmasının qarşısının alınması dövlətin vəzifəsi olmalıdır.

6.7. Dövlətin sosial siyasətinin əsas istiqaməti işsizlər üçün iş yerlərinin açılması və tələb olunan peşələrə yiyələnmək imkanının verilməsi, işləyənlər üçünsə gəlirlərdən tutulan vergilərin azaldılması olmalıdır.

XALQIN TƏHSİLİ, ELMİ VƏ MƏDƏNİYYƏTİ.

7.1. Dövlət vətəndaşların təhsil almaq kimi təbii hüququnun qarantı olmalıdır.

7.2. Təhsil sistemi ölkənin ümumi inkişaf strategiyasının mühüm tərkib hissəsi olan təhsilin inkişaf planı əsasında qurulmalı, təhsil sistemi quruculuğu ən mühüm ümummilli layihələr sırasında durmalıdır.

7.3. Təhsilin məqsədi vətəndaşlara harmonik şəxsiyyət kimi formalaşmaq üçün imkan və şərait yaratmaq, ölkənin yeniləşməsini tə’min edə biləcək insan amilini meydana gətirmək və əmək bazarının tələbatını ödəyə biləcək kadrlar yetişdirməkdir.

7.4. Təhsil sistemi körpə yaşından başlayaraq pulsuz orta təhsili əhatə etməklə vətəndaşa ömrünün bütün çağlarında öz bilik və bacarığını artırmaq imkanı verməlidir. Bağça, orta və ali məktəblərlə yanaşı insana ömrü boyu öz ixtisasını artırmağa və ya dəyişməyə imkan verən təhsil ocaqları şəbəkəsi yaradılmalıdır.

7.5. Dövlət ölkənin və xalqın gələcəyinə yönəlmiş sərmayə olan təhsil xərclərini artırmalıdır. Bununla yanaşı təhsilin bütün sahələrində vətəndaşların özəl sahibkarlıq hüququ qanunla tə’min edilməlidir.

7.6. Orta və ali məktəblərdə verilən bilik gələcəyin ehtiyaclarını nəzərə almalı, zəmanənin çağırışına səs verə biləcək kadr hazırlığına yönəlməlidir.

7.7. Təhsil ali ümumbəşəri və milli əxlaqi və mədəni nümunələrə və ictimai ideallara əsaslanmalıdır. Açıq informasiya məkanına çevrilmiş müasir dünyada təhsil sistemi milli mənliyin və bənzərsizliyin qorunması və zənginləşməsinə xidmət etməlidir. Məktəblərdə milli rəftar vərdişləri və hər kəsin e’tiqadına uyğun olaraq istəyənlərə müqəddəs kitablar tədris edilməlidir.

7.8. Təhsil sitemi fərdlərin bacarıq və qabiliyyətini, elm və ixtisas sahələrinə meylini nəzərə almalıdır. Iste’dadlı və qabiliyyətli fərdlərə xüsusi hazırlıq verən təhsil ocaqları olmalıdır.

7.9. Təhsil bütün vətəndaşlara müyəssər olmalı, lakin dövlətin hamı üçün tə’min edə bildiyi orta standartlardan daha geniş və dərin bilik istəyənlər üçün xüsusi ödəmə müqabilində belə təhsili verən özəl təhsil ocaqları üçün hüquqi tə’minat olmalıdır.

7.10. Təhsil sənayesi yaradılmalıdır və o, dərslik, elmi ədəbiyyat, əyani vəsait, məktəb avadanlığı, uşaq və yeniyetmə geyimi, audio-video, informatik materialların istehsalı ilə məşğul olmalıdır.

7.11. Təhsil sisteminin iqtisadiyyatı elm sahəsi kimi təhsil normativlərini, xərclərin yuxarı və aşağı hədlərini, təhsilə əlavə vəsaitin cəlb edilməsi yollarını öyrənməli və tövsiyələr hazırlanmalıdır.

7.12. Təhsil şəbəkəsi quruculuğunda paytaxtdan kənarda yerləşən təhsil ocaqlarının inkişafına xüsusi qayğı göstərilməlidir.

7.13. Təhsil müəssisələri əhAli, bələdiyyələr və qeyri-hökumət təşkilatları ilə sıx əlaqədə fəaliyyət göstərməlidir.

7.14. Texniki peşə, orta və ali məktəbləri himayə edən hüquqi və fiziki şəxslərə vergi ödənişində güzəştlər verilməlidir.

7.15. İdman və fiziki tərbiyə təhsil sisteminin əsas məqsədələrindən biri  sayılmalı, mülkiyyət formasından asılı olmayaraq bütün təhsil müəssisələrində şagird, tələbə, müdavim və müəllimlərin fiziki sağlamlığına və möhkəmliyinə dövlət və cəmiyyət tərəfindən qayğı göstərilməlidir.

 AZƏRBAYCANIN DÜNYA İLƏ ƏLAQƏLƏRİ.

8.1. Azərbaycanın xarici siyasətinin bir məqsədi olmalıdır – respublika vətəndaşlarının mddi və mə’nəvi vəziyyətinin yaxşılaşdırılmasına xidmət edən münasibətlər sisteminin qurulması. Azərbaycan vətəndaşlarının mənafeyinə xidmət edən, dövlətin ərazi bütövlüyünü, iqtisadi, informasiya, nəqliyyat və ərzaq təhlükəsizliyini tə’min etmək üçün Azərbaycan ilk növbədə onunla həmsərhəd olan dövlətlərə ikitərəfli və çoxtərəfli regional təhlükəsizlik və əməkdaşlıq münasibətlərini tənzimləyən sazişlər imzalamalı və onları gerçəkləşdirməlidir.

Bu məqsədi həyata keçirmək üçün Azərbaycanın xarici siyasəti əhəmiyyətinə görə aşağıdakı istiqamətləri əsas götürməlidir:

1. Cənubi Qafqaz və onunla həmsərhəd olan Rusiya, Türkiyə və İan,

2. MDB ölkələri, Qara dəniz hövzəsi ölkələri,

3. ATƏT üzvü olan Avropa dövlətləri və ABŞ,

4. Mərkəzi Asiya və Çin, Cənubi-Şərqi Asiya,

5. İslam ölkələri konfransı üzvü olan ölkələr.

8.2. Azərbaycan özü vətəndaş hüquq və azadlıqlarına hörmət göstərilən bir ölkə kimi regionda və dünyada qlobal proseslərdə sabitlik, ədalət və demokratiyanın ardıcıl tərəfdarı kimi tanınmalı, BMT və digər təşkilatların daha da demokratikləşdirilməsində fəal mövqe tutmalıdır. Ölkənin xarici siyasətində vətəndaşlarımızın maddi və mə’nəvi yüksəlişi üçün əlverişli olan regional və beynəlxalq mühitin formalaşması əsas məqsədlərdən sayılmalıdır. Etnik, dini və ərazi münaqişələrinin tənzimlənməsi, regionda və dünyada, əsasən də Azərbaycan ilə həmsərhəd olan ölkələrdə sabitlik və demokratiyanın qorunması Azərbaycandan qəti və düşünülmüş siyasi xətt tələb edir.

8.3. Dünyada qarşı-qarşıya duran müxtəlif iqtisadi, siyasi, dini və etnik birləşmələrin mövcudluğunu nəzərə alaraq Azərbaycan aktiv neytrallıq siyasəti yürütməli, hərbi bloklara qoşulmaqdan çəkinməlidir. Eyni zamanda Azərbaycan elmi, texniki, iqtisadi, mədəni, dini və hərbi sahədə ölkəyə lazım ola biləcək bütün dövlətlər və təşkilatlarla əməkdaşlıq münasibətləri qurmalıdır.

8.4. Azərbaycan ölkə vətəndaşlarının hüquqlarını bütün ölkələrdə qətiyyətlə müdafiə etməli, Azərbaycan vətəndaşı adını yüksək tutmalıdır. Xarici siyasətin məqsədlərindən biri də xalqımızın mədəniyyətinin dünyada tanıtdırılması olmalıdır.

Video və fotolar