Tariximiz

AZƏRBAYCAN SOSİAL-DEMOKRAT PARTİYASI

Azərbaycan Sosial-Demokrat Partiyası öz başlanğıcını keçən yüzilliyin 70-ci illərinin əvvəllərində təşkil olunmuş “Villi Brandtın dostları klubu”ndan götürür. Bu qrup Azərbaycan Dövlət Universitetinin Hüquq və Şərqşünaslıq fakültələrinin tələbələri tərəfindən yaradılmışdı. Qrupun rəsmi məqsədi Almaniya Federativ Respublikasının o vaxtkı kansleri Villi Brandtın “Şərq siyasəti”nın təbliği olsa da, gerçəklikdə burada sosial-demokratiyanın mənbələri öyrənilir və qrup sosial-demokratik yönümlü idi. Qrupa Araz Əlizadə rəhbərlik edirdi.

1988-ci ildə Azərbaycanda Qarabağ separatçılıq hərəkatı başladıqda, “Villi Brandtın dostları Klubu”nun sədri Araz Əlizadə həbsdən və ardınca sürgündən qayıtdıqda sonra, Klubun digər üzvləri ilə birlikdə onun işini bərpa etdi və təşkilat fəaliyyətini “Azərbaycan sosial-demokrat qrupu” adı altında davam etdirdi.

Bu qrup 1988-ci il mayın 16 və 18-də Azərbaycan tarixində ilk dəfə, əvvəl onminlik, sonra isə üç yüzminlik mitinqləri təşkil edə bildi. Qrupun fəaliyyətinin əsas istiqaməti Dağlıq Qarabağ probleminin ədalətli həllinə nail olmaqdan, Qarabağ hqqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqdan və ölkənin demokratikləşdirilməsindən ibarət idi.

1989-cu il dekabrın 10-da Azərbaycan Sosial-Demokrat Qrupu özünü siyasi partiya elan etdi və 1990-cı il iyunun 27-də – SSRİ konstitusiyasının 6-cı maddəsinin, yəni birpartiyalı sistemin qüvvədə olmasına baxmayaraq – Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyata alındı. Beləliklə, müasir Azərbaycanda və ümumiyyətlə SSRİ-də rəsmi olaraq qeydiyyata alınmış ilk siyasi partiya kimi fəaliyyətə başladı (Sov.İKP-dən başqa). Azərbaycan Sosial-Demokrat partiyasının sədri Araz Əlizadə seçildi.

1990-cı ildə Azərbaycan sosial-demokratlarının orqanı olan “İstiqlal” qəzeti dərc edilməyə başladı. Qəzetin ilk nömrələri Estoniyada çap olunur və təyyarə ilə Bakıya göndərilirdi. Qəzetin baş redaktoru Zərdüşt Əlizadə idi. “İstiqlal” qəzeti Azərbaycanda ilk müxalifət qəzetlərindən biri idi və 1999-cu ilədək mütəmadi dərc olunub.

Azərbaycan Sosial-Demokrat Partiyası 1990-cı ilin parlament seçkilərində 15 namizədlə iştirak edirdi. Bu namizədlərdən üçü qalib gəlsə də, həmin seçki dairələrində nəticələr ləğv edildi. 1991-ci ildə təkrar seçkilərdə isə partiyanın sədri Araz Əlizadə qalib gəldi və Ali Sovetin deputatı oldu (1990-1995-ci illərdə). Həmin il Araz Əlizadə həmçinin Azərbaycan Respublikası Müdafiə Şurasının tərkibinə daxil oldu. Müdafiə Şurasında onun vəzifəsi IV ordunun Azərbaycan Respublikasının tabeçiliyinə keçirilməsinə nail olmaq idi. O, 1991-ci il dekabrın 29-da bu müqaviləni SSRİ aviasiya marşalı, Rusiya Federasiyasının müdafiə naziri Y.Şapoşnikovla imzalayıb. Bundan sonra A.Əlizadə Respublika Müdafiə Şurasının üzvü postundan istefa verdi.

1990-cı ildə Araz Əlizadə Praqada keçirilən “Demokratiyaya doğru sülh yolu” beynəlxalq konfransın işində iştirak etmişdi. 1991-ci ildə ASDP qonaq qismində Sosialist İnternasionalının Türkiyədə, İstambulda keçirilən Konfransına dəvət olunmuşdu. Həmin vaxtdan ASDP Sosialist İnternasionalının fəal üzvüdür. ASDP Sosialist İnternasionalında əvvəlcə müşahidəçi (absorver), sonra assosiativ üzv və 2003-cü ildən konsaltinq üzv qismndə fəaliyyət göstərir.

Azərbaycan Sosial-Demokrat Partiyası yarandığı dövrdən Azərbaycançılıq ideyasına əsaslanan sosial-demokratiya platformasında dayanıb. 1990-cı illərin əvvəllərində ASDP millətçi, şovinist qüvvələrə qarşı çıxış edib, Azərbaycan xalqının müstəqillik arzularını, Qarabağın azad ediməsi uğrunda xalq hərəkatını öz şəxsi ambisiyaları, fərdi siyasi maraqları üçün istifadə edənlərin əsl məqsədlərini ifşa edib, Azərbaycan xalqının maraqlarının keşiyində durub. Bu mənada ASDP-nin AXC-yə – fəaliyyəti, SovİKP-nin cinayətkar Siyasi Bürosu və  AKP-nin fərsiz rəhbərliyi ilə birlikdə, Azərbaycan xalqını 1990-cı il 20 Yanvar faciəsinə aparmış ifrat sağ-millətçi siyasi qüvvəyə qarşı apardığı barışmaz mübarizə xüsusilə əlamətdardır.

1991-ci ilin dekabrında SSRİ dağılandan və 1992-ci ilin martında Azərbaycan müstəqil dövlət olaraq BMT-yə üzv seçiləndən sonra, Azərbaycanda hakimiyyətə gələn AXC iqtidarına münasibətdə ASDP əvvəl konstruktiv müxalifət, AXC hakimiyyətinin yürütdüyü daxili və xarici siyasətin Azərbaycan xalqının və dövlətinin maraqlarına zidd oduğu birmənalı bəlli olandan sonra isə – barışmaz müxalifət mövqeyinə keçib. Bu nöqteyi-nəzərdən 1992-ci ilin sonlarında Azərbaycan parlamentində – Milli Məclisdə Azərbaycanın Dövlət dilinin Türk dili olması haqqında qanunun qəbul edilməsi və ASDP-nin buna qarşı siyasi mübarizənin təşkilatçısı və avanqardı rolunda çıxış etməsi xüsusi əhəmiyyət kəsb edirdi.

AXC hakimiyyətinin yürütdüyü səhv siyasət nəticəsində Azərbaycan 1993-cü ilin ortalarında qardaş qırğını qarşısında qalanda, ASDP AXC-nin hakimiyyətdən getməsi üçün əlindən gələni etdi.

1993-cü ildə Azərbaycanda hakimiyyətə Heydər Əliyev gələndən sonra ASDP konsruktiv müxalifət mövqeyində dayanır.

1995-ci ildə ASDP Azərbaycan Respublikası Ədliyyə Nazirliyində təkrar qeydiyyatdan keçmişdir.

1995-ci ildə, ASDP-nin IV qurultayında A.Əlizadənin təklifi ilə partiyada sədr institutu ləğv edilərək, əvəzində həmsədr institutu yaradıldı və ona, xaricə müahcirətə gedəcəyi halda, həmsədri təyin etmək hüququ verildi. Araz Əlizadənin təyinatı ilə Zərdüşt Əlizadə ASDP-nin həmsədri oldu.

1998-ci ilin sonlarında Araz Əlizadə Azərbaycana qayıtdıqdan sonra, partiya daxilində qeyri-sağlam münasibətlərin, fikir ayrılığının mövcud olduğu və bu səbəbdən də partiya sıralarının nəzərəçarpacaq qədər seyrəldiyi, Azərbaycanın daxili siyasi həyatında partiyanın sönük fəaliyyət göstərdiyi bir vəziyyətlə üzləşdi. Bu, ASDP-nin həmsədri Araz Əlizadəni – partiyadaxili münasibətlərin qaydaya salınması, ASDP-nin Azərbaycanın siyasi həyatında aktiv fəaliyyətinin bərpa edilməsi və partiyanın siyasi nüfuzunun qaytarılması məqsədilə – adekvat tədbirlərə əl atmaq məcburiyyətində qoydu. 1999-2000-ci illərdə qısa zaman kəsiyində keçirilən bir neçə qurultay partiya daxilndə yaranmış fikir ayrılıqlarını, qeyri-sağlam partiyadaxili siyasi mübarizəni son həddədək üzə çıxardı və bu vəziyyəti yaratmış Arzu Abdullayeva ASDP-dən uzaqlaşdırıldı. Buna etiraz edərək, 2003-cü ildə Z.Əlizadə və onunla birlikdə 47 nəfər ASDP sıralarından istefa verdi.

Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibovun, həmçinin onun tərəfdarlarının ASDP-yə üzv olmaları ilə bağlı 2003-cü ilin avqustunda keçirilən ASDP-nin IX qurultayında A.Mütəllibov partiyanın həmsədri seçildi.

2003-cü ilin avqust ayından Azərbaycan sosial-demokratlarının qəzeti – “Yeni İstiqlal” dərc olunmağa başladı. “Yeni İstiqlal” ilə yanaşı, 2006-ci ildə həftədə iki dəfə rus dilində “Ени Истиглал» qəzeti də fəaliyyətə başladı. Bu qəzetlərin nəşri 2007-ci ilin əvvəllərinə qədər davam etdi və partiyanın maliyyə çətinlikləri səbəbindən fəaliyyəti dayandırıldı.

2005-ci ildə Azərbaycan Respublikasının parlamentinə – Milli Məclisə keçirilən seçkilərdə Ayaz Mütəllibovun və Araz Əlizadənin namizədlikləri qeydə alındı, lakin onların seçkilərdə əldə etdikləri faktiki qələbə müxtəlif üsullarla əllərindən alındı.

2008-ci ildə Azərbaycan Sosial-Demokrat Partiyasının X qurultayında partiyanın bundan sonra Azərbaycanda keçiriləcək bütün seçkilərdə, o cümlədən də 2008-ci il prezident seçkilərində öz namizədi ilə iştirak etməsi haqqında qərar qəbul edilmişdir.

2010-cu ildə keçirilən parlament seçkilərində Azərbaycan Sosial-Demokrat Partiyası dörd namizəd irəli sürmüşdü. Onlardan ikisi – Araz Əlizadə və Xanhüseyn Əliyev qeydiyyata alınmış, faktiki olaraq ikisi də seçkidə qalib gəlmiş, lakin onların seçki dairələrindən başqa namizədlər deputat elan edilmişdilər.

2010-cu ilin dekabrında partiyanın növbədənkənar XI qurultayı keçirilmiş və qurultayda ASDP-nin hansısa siyasi bloklarda, alyanslarda və s. iştirak etməməsi barədə qərara qəbul edilmişdir.

2010-cu ilin oktyabrında Bakıda Sosialist İnternasionalının “MDB məkanı, Qara dəniz hövzəsi və Cənubi Qafqaz” komitəsinin iclası keçirilmiş, tədbirdə 15 ölkədən 40-a yaxın nümayəndə iştirak etmişdi.

2012-ci il iyunun 30-da partiyanın XII qurultayı keçirilmişdir. Azərbaycan Sosial-Demokrat Partiyasının qurultayında yeddi ölkədən Sosialist İnternasionalına daxil olan bacı partiyaların 13 nümayəndəsi qonaq qismində iştirak edirdi. Qurultayda ASDP-nin Nizamnaməsində partiyada həmsədr institutunun ləğv edilməsi və sədr institutunun bərpa olunması, həmçinin bəzi digər dəyişikliklər haqqında qərar qəbul edildi. Həmin qurultayda Araz Əlizadə ASDP-nin sədri seçildi, həmçinin ASDP sədrinin dörd müavini, 16 nəfər tərkibdə ASDP Mərkəzi Komitəsi və 4 nəfərdən ibarət ASDP Mərkəzi Nəzarət Komissiyası seçildi.

Hazırda Azərbaycanın 52 rayonunda ASDP-nin yerli təşkilatı fəlaiyyət göstərir, 3187 üzvü vardır.

Video və fotolar