Əlizadə Nüşabə Məmməd Mübariz qızı

Əlizadə Nüşabə Məmməd Mübariz qızı 27 aprel 1943-cü ildə Bakı  şəhərində anadan olmuşdur. 1950-ci ildə indi H.Cavid adına olan 132 №-li orta məktəbə getmiş, 1960-cı ildə həmin məktəbi bitirmişdir.

1960-cı ildə BDU-nun Şərqşünaslıq fakültəsi fars filologiyası şöbəsinə daxil  olmuş, 1965-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir.

1965-ci ildə AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitu İran  filologiyası şöbəsinin əyani aspiranturasına daxil olmuş, 1969-cu ildə aspirantura  təhsilini tamamlamışdır. 1970-ci ildən AMEA akad. Z.Bünyadov adına  Şərqşünaslıq institutu İran filologiyası şöbəsində baş laborant, kiçik elmi işçi, baş  elmi işçi vəzifələrində çalışmışdır. Hal-hazırda həmin institutda böyük elmi  işçi  vəzifəsində işləyir.

1973-cü ildə filologiya üzrə fəlsəfə elmləri doktoru elmi dərəcəsini almışdır.

N.M.M.Əlizadə 1993-cü ildən BDU-nun Şərqşünqslıq fakültəsi İran filologiyası kafedrasının dosenti vəzifəsində çalışır.

Onun “Bozorg Ələvinin nəsri” adlı monoqrafiyası, “Sədi Şirazinin “Gülüstan”  əsərinin tədrisi” adlı metodik vəsaiti, bakalavr təhsili üçün “Fars ədəbiyyat” proqramları (prof. Məmməd Mübariz Əlizadənin həmmüəllifliyi ilə) nəşr  olunmuşdur. N.Əlizadə fars ədəbiyyatına aid 60-a qədər elmi məqalənin müəllifidir. Bu elmi əsərlər müasir fars nəsri və nəzminin aktual məsələlərinin tədqiqinə həsr edilmişdir. 

N.Əlizadə 2003-cü ildə “XX əsr zərbaycan-İran ədəbi əlaqələrində poetik bədii  tərcümələr” adlı elmi işini doktorluq mövzusu kimi təsdiq etdirmiş və həmin  mövzu ilə bağlı araşdırmalarının nəticələrini müxtəlif elmi məcmuələrdə çap  etdirmişdir. O, dəfələrlə Bakıda, İranda keçirilən beynəlxalq elmi konfransların  iştirakçısı olmuş, elmi məruzələrlə çıxış etmiş, elmi diskussiyalarda öz mövqeyini  bildirmişdir.

N.M.M.Əlizadə AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu nəzdində İxtisaslaşdırılmış Müdafiə Şurası Elmi Seminarının üzvüdür.

ASDP yarandığı vaxtdan partiyanın üzvüdür.

Partiyanın 2012-ci ildə keçirilmiş XII qurultayında ASDP sədrinin müavini, ASDP Mərkəzi Komitəsinin üzvü, ASDP-nin tərkibində fəaliyyət göstərən “Qadın Sosial-Demokrat Təşkilatı”nın sədri seçilmişdir. ASDP MK Bürosunun üzvüdür.

Ailəlidir.   

Video və fotolar