Əlizadə Araz Məmməd Mübariz oğlu

Araz Məmməd Mübariz oğlu Əlizadə 1951-ci il noyabrın 3-də Bakı şəhərində alim ailəsində doğulmuşdur. 1974-cü ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirib. 1975-1976-cı illərdə Əfqanıstanda tərcüməçi işləyib. 1979-cu ildən Ukrayna SSR-nin paytaxtında Ukrayna Elmlər Akademiyası Tarix İnstitutunda kiçik elmi işçi işləmiş, eləcə də Kiyev Xarici Dillər Pedaqoji İnstitutunda dərs demişdir.

1985-ci ildə siyasi baxışlarına görə mühakimə olunmuşdur. 1987-ci ildə Bakıya qayıtmışdır. 1988-ci ildə Dağlıq Qarabağ ətrafında münaqişə baş qaldıranda bu problemin ədalətli həlli uğrunda siyasi mübarizəyə qatılmışdır.

1988-ci il mayın 16-da və 18-də Qarabağın müdafiəsi üçün Bakı şəhərində keçirilən ilk kütləvi mitinqlərin təşkilatçısıdır. 1989-cu ildən Azərbaycan Sosial Demokrat Partiyasının sədri, 1995-ci ildən 2012-ci ilə qədər ASDP-nin həmsədri, 2012-ci il iyunun 30-da keçirilən partiyanın XII qurultayında ASDP-də həmsədr institutu ləğv ediləndən və sədr institutu bərpa ediləndən sonra – sədridir. (Partiya 1989-cu il dekabrın 10-da “Villi Brandtın Dostları Klubu”nun, 1970-ci illərin əvvəllərindən Azərbaycan Dövlət Universitetində A.Əlizadənin rəhbərliyi altında fəaliyyət göstərən təşkilatın bazasında yaradılmışdır.)

1991-1995-ci illərdə Azərbaycan Ali Sovetinin deputatı olub. 1991-ci ildə Azərbaycan Respublikasının Müdafiə Şurasının üzvü olmuşdur. 1988-1991-ci illərdə SSRİ-də yaranan qeyri-formal demokratik təşkilatların fəal üzvü olmuş və onların rəhbərliyinə daxil olmuşdur.

1990-cı ildən çoxsaylı beynəlxalq simpoziumlarda, konferensiyalarda və konqreslərdə iştirak etmişdir.

Video və fotolar